"Hər iki oyun bizim üçün önəmli idi ciddi hazırlaşmışdıq".
Offsideplus.az xəbər verir ki, bu sözləri qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü Nigar Mirzəliyeva Andorra üzərində qələbə qazanılan oyundan (2:0) sonra saytımıza açıqlamasında bildirib. O, əvvəlcə görüşü şərh edib:
"Bizə mütləq qələbə lazım idi. Məşqçinin tapşırıqlarını yerinə yetirdik və hər iki matçda qalib gəldik. Komanda olaraq çox sevincliyik. Qrupda 9 xalımız var. Növbəti oyunlar çətin olacaq. Çalışacağıq ki, qrupdan çıxaq. Məşqlərdə və oyunda istəkliyik. Komandada hamı ailə kimidir bu birlik bizi gücləndirir".
Müdafiəçimiz formasını geyindiyi "Hamburq" klubunda atmosferi açıqlayıb:
"Bundesliqada hər şey qaydasındadır. Komandaya uyğunlaşmağa çalışıram. Alman dilini öyrənirəm. Məşqlərdə məşqçi nə isə deyəndə başa düşürəm. Hər şey çox yaxşıdır, çempionat yaxşı inkişaf edir".
N.Mirzəliyeva digər qadın futbolçularımızın da Avropada çıxış edərkən görmək istədəyini qeyd edib:
"Bizim ölkədə çox istedadlı qadın futbolçular var. Onlar nəinki Almaniya, Avropanın digər top ölkələrində də çıxış edə bilərlər. Onlara güvənirəm. İnşallah, bu transferin onlara da yol açar".