AZ

Brüssel və Amsterdamda Bakıya qarşı təxribat: Cənubi Qafqazda sülhü kim istəmir?

Niderland və Belçika parlamentlərində Azərbaycanla bağlı qondarma qətnamələr gündəmə gətirilib. Niderland parlamentinin Nümayəndələr Palatasının deputatı Don Seder Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətdikləri sübuta yetirilmiş şəxslərin, onları “hərbi əsirlər” kimi təqdim edir, azad edilməsini, eləcə də qondarma “erməni soyqırımı”nın tanınmasını təklif edib. Belçika parlamentinin Nümayəndələr Palatasının deputatı Mişel de Maeqd də eyni motivli qətnamə layihəsi ilə çıxış edib. Onun iddiası “Qarabağdan gedən ermənilərin beynəlxalq təhlükəsizlik zəmanətləri altında geri qayıtması, Bakıda saxlanılan “erməni əsirlərin?” azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin 12 may 2021-ci il tarixli mövqelərə geri çəkilməsi”ndən ibarətdir.

Brüssel və Amsterdamda Bakıya qarşı irəli sürülən sənədlərin Cənubi Qafqazda sülh prosesini pozmağa hesablanmış təxribat olduğunu təsdiqləyən amillər aydın görünür.

- Don Seder və Mişel de Maeqd qondarma təşəbbüsü eyni gündə - aprelin 16-da irəli sürüblər: bu amil təşəbbüsün arxasında sifarişin olduğunu açıq şəkildə göstərir;
- Sənədlərin indi – Bakı-İrəvan xəttində problemli məsələlərin əksəriyyətinin həll edildiyi vaxt gündəmə gətirilməsi buna əminlik yaradır.

Avropada anti-Azərbaycan təşəbbüslərin adi hala çevrilməsi kontekstində Belçika və Niderland parlamentlərində irəli sürülən sənədlər də təəccüblü deyil. Bu cür qərarların/qətnamələrin əsas məqsədi erməni maraqlarının müdafiə olunması, Azərbaycan torpaqlarında işğala əsaslanan status-kvonun saxlanılması olub. Lakin Azərbaycan və Ermənistanın yekun sülh sazişinə doğru irəlilədiyi vaxtda Belçika və Niderland parlamentlərində təqdim olunan sənədlər bütövlükdə Cənubi Qafqazda sabitliyə qarşı təxribat aktıdır.

Azad olunmasını istədikləri şəxslər – Qarabağda keçmiş qondarma rejimin rəhbərləri müharibə cinayəti törətmiş şəxslərdir. Birinci və İkinci Qarabağ müharibəsində, eləcə də işğal dövründə bu şəxslər təkcə Azərbaycan qanunvericliyini yox, beynəlxalq hüquq normalarını da pozublar. Qarabağın Azərbaycan ərazisi olduğu aksiomadır, bunu Belçika və Niderland da rəsmi şəkildə qəbul edir, beynəlxalq hüquq da. Brüssel və Niderlandda Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətmiş şəxslərin azad edilməsinin gündəmə gətirilməsi təkcə beynəlxalq hüquqa laqeyd münasibət deyil, həm də bu ölkələrin rəsmi mövqeyinə ziddir.

“Qarabağdan gedən ermənilərin beynəlxalq təhlükəsizlik zəmanətləri altında geri qayıtması” iddiası isə keçmiş münaqişəni yenidən “diriltmək” cəhdidir. Azərbaycan suverenliyini bərpa etdikdən sonra Qarabağdakı erməni əhalisinin tamhüquqlu vətəndaşlarımız kimi yaşamasını təmin edə biləcəyini bəyan etdi və bu istiqamətdə praktiki addımlar atdı. Bölgədə qalmaq istəməyən erməni əhalisi isə könüllü şəkildə Ermənistana, öz ölkələrinə qayıtmaq istəyəndə bütün humanitar normalara uyğun şərait yaradıldı. Azərbaycan ərazisində vətəndaş kimi qalmaq istəməyən ermənilərin “beynəlxalq təhlükəsizlik zəmanətləri altında geri qayıtması” məsələsi sonradan ortaya atılmış və Qarabağda keçmiş münaqişə ocağını alovlandırmağa hesablanmış təxribat planıdır. Bu plan Ermənistanın özü tərəfindən belə qəbul edilməsə də, anti-Azərbaycan qüvvələr, xüsusilə erməni diasporu/lobbisinin təsirində olan müxtəlif siyasətçilər tərəfindən zaman-zaman gündəmə gətirilir. Don Seder və Mişel de Maeqd də əslində erməni diasporu/lobbisinin sifarişini icra edirlər. Hər iki deputatın siyasi dosyesi bunu ispatlayır.

Don Seder erməni maraqlarının qızğın müdafiəçidir. Niderlandın qanunverici orqanında qondarma “erməni soyqırımı”nın tanınması, bu iddianı inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsi kimi təşəbbüslərlə çıxış edib. 2022-ci ildə Ermənistana səfər edən və İrəvanda qondarma “soyqırımı” abidəsinə baş əyən Don Seder həmin vaxt Xankəndidə qalan separatçılarla da görüşmüşdü. Seder 2025-ci ildə də qondarma “soyqırımı” ilə bağlı təmsil olunduğu Nümayəndələr Palatasında təşəbbüslə çıxış edib.

Mişel de Maeqd niderlandlı həmkarından geri qalmır. Qondarma “erməni soyqırımı”nın müdafiəçisi olan belçikalı siyasətçi Qarabağın azad edilməsi və separatçı rejimin ləğvinə görə Azərbaycana hücum edən əsas şəxslərdəndir.

Aydındır görünür ki, niderlandlı və belçikalı siyasətçilər erməni Azərbaycana qarşı eyni gündə irəli sürdüyü eyni motivli sənəd diasporu/lobbisinin sifarişidir. Avropadakı “marionetka siyasətçiləri” aktivləşdirən erməni diasporu/lobbisinin bir-birinə sıx bağlı olan iki əsas hədəfi var.

Birincisi, Azərbaycan və Ermənistan arasında sülh prosesini arxa plana keçirmək, indiyə qədər əldə olunmuş razılaşmaları sual altında salmaqdır.
İkincisi, Ermənistanda 7 iyunda keçiriləcək parlament seçkilərində Nikol Paşinyan hakimiyyətinin sülhə əsaslanan seçki proqramını pozmaq, revanşist qüvvələrin əlini gücləndirməkdir. Çünki Ermənistandakı revanşistlər “erməni əsirlər” adlandırılan şəxslərin azad edilməsi, “ermənilərin Qarabağa qayıtması” kimi məsələlərlə bağlı Avropa ölkələrində təşəbbüslərin irəli sürülməsindən hakimiyyətə qarşı istifadə edirlər.

Göründüyü kimi, erməni diasporu/lobbisi öz əlaltıları vasitəsilə Niderland və Belçikanı anti-sülh planlarına alət edib. Brüssel və Amsterdam bu haqda düşünməlidir. Axı bu cür cəhdlər həm bu ölkələrin siyasi mövqeyinə, həm beynəlxalq hüquqa ziddir, eyni zamanda, Azərbaycanın daxili işlərinə müdaxilədir. Və belə hallar Amsterdamla Belçikanın təkcə Bakı ilə münasibətlərinə xələl gətirmir, eyni zamanda, beynəlxalq imicinə kölgə salır. Belçika və Niderland parlamentlərinin əsas qayəsi həqiqətən də insan haqlarının qorunmasıdırsa, nə üçün öz doğma yurdundan qovulmuş 300 min azərbaycanlının hüquqlarını müdafiə etmir, onların qayıdış haqqını tələb etmirlər?! Birinci Qarabağ müharibəsi zamanı məcburi köçkün vəziyyəti ilə üzləşən yüzminlərlə azərbaycanlının pozulan hüquqları bu ölkələr üçün niyə maraqlı deyildi?!

Səbəblər Azərbaycan xalqına yaxşı məlumdur: insan haqlarının müdafiəsindən danışan ölkələr adətən bundan siyasi maraqları naminə alət kimi istifadə edir. Lakin artıq hər şey dəyişib, Cənubi Qafqazda yeni reallıqlar yaranıb, insan haqlarını siyasi məqsədləri naminə istismar edən ölkələrin əməlləri də ifşa olunub, Niderland və Belçika da daxil olmaqla.

Niderland və Belçika parlamentlərində insan haqlarındən bəhs olunması bu ölkələrin kolonial siyasətini, törətdikləri soyqırımıları yada salır.

XVII əsrdən başlayaraq, Niderlandın kolonial siyasəti vəşhiliyə əsaslanıb. Banda adalarında törədilən qırğınlar, köləlik siyasəti bunun ən bariz nümunəsidir. Soyqırımı aktları ilə müşahidə olunan siyasət XX əsrdə də davam edib. İndoneziyada törədikləri, dəhşətli Ravagede qırğını, Cənubi Afrikada San xalqının məhv edilməsi, Hindistanda həyata keçirdikləri zorakılıqlar Niderlandın qanlı tarixinin bir hissəsidir.

Belçikanın tarixi də qanlı səhifələrlə doludur. Konqoda 10 milyona qədər insanın ölümünə səbəb olan vəhşiliklər, Ruanda soyqırımı belə nümunələrdəndir. Bu gün insan haqlarından danışan Brüsselin küçələrində “insan zooparkları”nın təşkil edilməsi tarixin utanc səhifələri arasındadır. Bu ölkələr əsassız iddialarla insan haqlarından bəhs edərkən, öncə öz keçmişlərinə baxmalıdır.

Belçika və Niderland parlamentlərində gündəmə gələn anti-Azərbaycan sənədlərin nə mənəvi, nə də hüquqi əsası yoxdur və hansısa qərarın praktiki icrası da mümkün deyil. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edib, Cənubi Qafqazda sülhə əsaslanan yeni dövr başlanıb. Lakin anti-sülh fəaliyyəti hər şeydən öncə Amsterdam və Brüsselin Cənubi Qafqazdakı mövqeləri üçün mənfi perspektivlər vəd edir.

Asif Nərimanlı

Seçilən
20
20
publika.az

10Mənbələr