AZ

Fransada “Respublikaçılar” prezidentliyə namizədini müəyyənləşdirdi

Fransanın sağçı “Respublikaçılar” partiyası ölkənin sabiq daxili işlər naziri Bryuno Retayonu 2027-ci il prezident seçkilərində namizəd seçib.

Bizim.Media xəbər verir ki, bu barədə Le Monde səsvermənin nəticələrinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, partiya üzvlərinə üç variant təqdim olunub: partiyadaxili praymeriz keçirmək, partiya üzvü olmayan tərəfdarların da iştirakı ilə daha açıq namizəd seçkisi təşkil etmək və ya Retayonu birbaşa namizəd təyin etmək.

Səs verənlərin 73,8 faizi sonuncu variantı dəstəkləyib.

Bununla belə, Retayonun səsvermədən bir ildən çox əvvəl namizədliyini irəli sürmək istəyi partiya daxilində tənqidlərə səbəb olub. Xüsusilə, Milli Assambleyada “Respublikaçılar” fraksiyasının rəhbəri Loran Vokye buna etiraz edib.

Açıq praymerizlərin tərəfdarı olan Vokye bildirib ki, belə seçkidə sağ mərkəzçi siyasətçi Jerald Darmanen və sağçı “Rekonkista” partiyasının nümayəndəsi Sara Knafo da iştirak edə bilərdi.

O, partiyadaxili səsvermədə boş bülleten atacağını açıqlayıb.
 

Fransada prezident seçkilərinin birinci turu 2027-ci ilin aprelində keçirilməlidir. Dəqiq tarix hələ müəyyənləşdirilməyib. Səsvermə hazırkı prezident Emmanuel Makronun səlahiyyət müddətinin başa çatmasından 20-35 gün əvvəl təşkil olunmalıdır.


Əgər birinci turda namizədlərdən heç biri 50 faizdən çox səs toplamazsa, ən çox səs qazanan iki namizəd iki həftə sonra keçiriləcək ikinci turda mübarizəni davam etdirəcək.

Qeyd edək ki, Makron ikinci prezidentlik müddətini başa vurduqdan sonra yenidən namizəd ola bilməyəcək.

Çünki Fransa Konstitusiyasına əsasən, prezidentin səlahiyyətləri iki müddətlə məhdudlaşır. (Mənbə: TASS)

Bizim.Media

Seçilən
35
2
bizim.media

3Mənbələr