AZ

ABŞ İran yük gəmisini keçirdiyini açıqlayıb, Tehran cavabla hədələyib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

ABŞ Prezidenti Donald Tramp Oman körfəzində İran bayrağı altında üzən iri yük gəmisinə qarşı hərbi əməliyyat həyata keçirildiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Spruance” esminesi “Toska” adlı gəmini saxlayaraq nəzarətə götürüb.

Məlumata görə, ABŞ tərəfi gəminin dayandırılması ilə bağlı xəbərdarlıqlara əməl etmədiyini bildirərək, mühərrik bölməsinə atəş açıb və nəticədə gəminin hərəkəti tam dayandırılıb. Daha sonra ABŞ dəniz piyadaları gəminin göyərtəsinə çıxaraq onu ələ keçirib.

ABŞ Mərkəzi Komandanlığı da açıqlamasında bildirib ki, İran bayrağı altında üzən gəmi Ərəb dənizi istiqamətində hərəkət edərkən saxlanılıb və onun hərəkət sistemi sıradan çıxarılıb. Vaşinqton qeyd edib ki, sözügedən gəmi daha əvvəl də ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına daxil edilib.

İran tərəfi isə hadisəni kəskin şəkildə pisləyərək bunu “dəniz quldurluğu” və atəşkəsin pozulması kimi qiymətləndirib. İran Silahlı Qüvvələrinin “Xatəmül-Ənbiya” qərargahı yaydığı bəyanatda ABŞ qüvvələrinin ticarət gəmisinə hücum etdiyini və gəminin naviqasiya sisteminin sıradan çıxarıldığını bildirib.

Bəyanatda İran silahlı qüvvələrinin bu hücuma cavab verəcəyi vurğulanaraq Vaşinqtona açıq xəbərdarlıq edilib.

Hadisə regionda gərginliyin artdığı bir dövrə təsadüf edir. Bildirilir ki, bu insident İran və ABŞ arasında planlaşdırılan danışıqlar ərəfəsində baş verib. Tramp administrasiyasının nümayəndələri Pakistan vasitəçiliyi ilə aparılacaq görüşlər üçün bölgəyə göndərilsə də, İran tərəfi hazırda yeni danışıqlarda iştirak etməyi planlaşdırmadığını açıqlayıb.

Qeyd edək ki, tərəflər arasında daha əvvəl əldə olunan iki həftəlik atəşkəs razılaşması genişmiqyaslı münaqişənin dayandırılması üçün aparılan danışıqların tərkib hissəsi idi.

Seçilən
15
turkic.world

1Mənbələr