AZ

Almaniyanın müdafiə naziri ölkəsinin Hörmüz boğazında dəniz missiyasında iştirak üçün hazır olduğunu bildirib

Berlin, 20 aprel, AZƏRTAC

Almaniyanın müdafiə naziri Boris Pistorius ölkəsinin Hörmüz boğazında dəniz missiyasında iştirak etməyə hazır olduğunu və bununla bağlı hazırlıqların artıq görüldüyünü deyib.

AZƏRTAC xəbər verir ki, bu barədə nazir ARD telekanalına açıqlamasında bildirib.

Buna baxmayaraq, B.Pistorius mümkün hərbi əməliyyat üçün əsas şərtin atəşkəs olduğunu bir daha vurğulayıb. O, Müdafiə Nazirliyinin artıq konkret planlaşdırma apardığını qeyd edərək, potensial tərəfdaşlar və əməliyyatın tərkibi baxımından müxtəlif variantların sınaqdan keçirildiyini deyib. Lakin nazir bunun bir sıra şərtlərdən, o cümlədən atəşkəsdən, beynəlxalq hüquqi əsasdan və Bundestaqın mandatından asılı olduğunu, bu mərhələnin isə hələ çox uzaqda olduğunu qeyd edib.

Almaniyanın da müharibənin nəticələrini hiss etdiyini bildirən B.Pistoriusin sözlərinə görə, məqsəd Almaniyanın dünyada üçüncü ən böyük iqtisadiyyat kimi öz töhfəsini verməsi və dənizlərin azadlığını təmin etməkdir. Bununla belə, bütün bunlar yalnız şərtlər yerinə yetirildiyi halda mümkündür.

Qeyd edək ki, Hörmüz boğazında blokadanın təsirləri Almaniyada da ciddi hiss olunur, yanacağın qiymətləri kəskin artıb və yaxın zamanda aviasiya yanacağında qıtlıq yarana biləcəyi ehtimal edilir. Almaniya Kansleri Fridrix Merts gəmiçiliyin qorunması üçün Bundesverin müəyyən şərtlərlə missiyada iştirak edə biləcəyini bildirib.

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Seçilən
21
azertag.az

1Mənbələr