AZ

Qlobal şokların Azərbaycanda iqtisadi artıma təsiri

Beynəlxalq Valyuta Fondu tərəfindən 2026-cı ilin aprel ayında dərc olunmuş "World Economic Outlook" hesabatında qlobal iqtisadi artım proqnozunun 0,3 faiz bəndi aşağıya doğru revisiya edilməsi, eləcə də, neft ixrac edən ölkələr üzrə iqtisadi artım proqnozunun 2,6 faiz bəndi azaldılması dünya iqtisadiyyatında qeyri-müəyyənliklərin və risk amillərinin artdığını bir daha təsdiqləyir. Mövcud qlobal çağırışlar fonunda, enerji bazarlarında müşahidə olunan kəskin qiymət volatilliyi və geoiqtisadi gərginliklər beynəlxalq iqtisadi mühitə təsirsiz ötüşməyib.

Qlobal iqtisadi qeyri-müəyyənliklərin və enerji bazarlarında dalğalanmaların gücləndiyi şəraitdə Azərbaycan iqtisadiyyatında 2026-cı ilin birinci rübü ÜDM-də cüzi – 0,3 faiz azalma qeydə alınsa da, bu dinamika daha çox qlobal enerji bazarlarında qiymət dəyişkənliyi və əsasən, neft hasilatının 3,4 faiz azalması hesabına baş verib. Mövcud makroiqtisadi şərait fonunda, cari ilin I rübündə qeyri-neft-qaz sektorunda ÜDM-in artım tempi davam etmiş, iqtisadi fəallığın əsasən daxili tələbin genişlənməsi, investisiya axınlarının sabitliyi, xidmət sektorunun dinamik inkişafı, sənayedə yüksək artım templəri hesabına formalaşdığı müşahidə olunub. Müvafiq dövr üzrə qeyri-neft-qaz sənayesində 7,0 faiz, informasiya və rabitə sektorunda 9,2 faiz, ticarət sahəsində isə 3,7 faiz artım qeydə alınıb. 2026-cı ilin ilk rübü ərzində adambaşına düşən gəlirlər 6,6% artıb. Bu dövr ərzində ümumi istehlak bazarında satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 4,6% artıb. Belə ki, pərakəndə ticarət dövriyyəsində 3,7%, ictimai iaşədə 5,2%, ödənişli xidmətlərdə 8,8% artım müşahidə olunub.

Tikinti sektorunda əlavə dəyərin 19,8 faiz azalması qeydə alınmışdır ki, bu da əsasən hər ilin birinci rübündə dövlət investisiyalarının planlı şəkildə mərhələli icrası, tikinti-quraşdırma işlərinin mövsümi xarakter daşıması və iri infrastruktur layihələri üzrə aktivliyin sonrakı dövrlərdə artması ilə bağlıdır. Bu konteksdə, Dövlət İnvestisiya Proqramı, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının uğurla icrası 2026-cı ilin növbəti rüblərində tikinti sektorunda fəallığın artmasına, investisiya axınlarının sürətlənməsinə və əlavə dəyərin bərpa olunmasına mühüm töhfə verəcəkdir.

Bundan əlavə, nəqliyyatturizm kimi sektorlarda müşahidə olunan müvəqqəti zəifləmə daha çox qlobal xarici siyasətdə baş verən dəyişikliklər, geosiyasi amillər və beynəlxalq logistika sahəsində yaranan çətinliklərlə əlaqədardır. Bununla belə, yaxın dövrdə iri infrastruktur layihələrinin yenidən aktivləşdirilməsi və dövlət investisiyalarının artırılması bu sahələrdə canlanmanın təmin edilməsində əsas amillərdən biri kimi çıxış edəcək.

Həyata keçirilən məqsədyönlü iqtisadi siyasətin nəticəsi olaraq, əsas kapitala yönəldilən investisiyalar 14,9% artmış, neft-qaz sektorunda isə bu artım daha dinamik xarakter alaraq 44,6%-ə yüksəlib. Eyni zamanda, qeyri-neft-qaz sektorunun qeyri-dövlət bölməsi üzrə investisiyalarda 17,3% artımın qeydə alınması özəl sektorun iqtisadi fəallığının genişləndiyini əks etdirir.

Seçilən
11
6
publika.az

7Mənbələr