2025-ci ildə Azərbaycanda 2 064 hektar pambıq sahəsində baş vermiş sığorta hadisələri üzrə fermerlərə 958 min manat ödəniş verilib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Aqrar Sığorta Fonduna istinadən xəbər verir.
Məlumata görə, bunlar, 2024-cü illə müqayisədə müvafiq olaraq təxminən 2 dəfə az və 8,9 % çoxdur.
Azərbaycanda pambıq sahələrinin sığortası aprel ayında başlayır və may ayının sonuna qədər davam edir. Hazırda 20-yə yaxın rayonda 110 min hektara yaxın ərazidə pambıq becərilir. Tarlalarınıböyük hissəsi Mil-Muğan, Salyan-Şirvan və Mərkəzi Aran regionlarındadır. Ölkənin əsas pambıqçılıq rayonları: Saatlı – 12,6 min hektar, Ağcabədi – 11,8 min hektar, Sabirabad – 11,1 min hektar, Salyan – 9,7 min hektar, Beyləqan – 8,9 min hektar, Bərdə – 8,5 min hektar, Biləsuvar – 8,1 min hektar, İmişli – 7,9 min hektar, Neftçala – 7,2 min hektar, Yevlax – 3,3 min hektar, Zərdab – 3,1 min hektar, Tərtər – 2,8 min hektar, Ağdam – 2,4 min hektar, Goranboy – 2,0 min hektar, Kürdəmir – 1,1 min hektar və başqalarıdır. Hazırda ölkəmizdə 15 minə yaxın fermer pambıq əkini ilə məşğuldur.
2025-ci ildə Aqrar Sığorta Fondu 9 milyon 147 min manat sığorta ödənişi edib. Bu, 2024-cü illə müqayisədə 2,7 milyon manat və yaxud 43 % çoxdur.
Ötənilki ödənişlərin 8 milyon 753 min manatı bitkiçilik, 394 min manatı isə heyvandarlıq sığortasının payına düşüb, əsas hissəsi meyvə bağları - şaftalı, nektarin, badam, taxıl, qarğıdalı və sair bitkilərə aid olub.
Ümumilikdə, Fond 2020-ci ildə fəaliyyətə başlayandan indiyə qədər 22,6 milyon manat sığorta ödənişi verib.