AZ

“Yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında əlaqələr qurulacaq” - Paşinyan

“Yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında işgüzar əlaqələr qurulacaq ki, bu da iki ölkə arasında bərqərar olmuş sülhün təsis edilməsi üçün ən vacib vasitələrdən biridir”.

Missiya.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hakim "Vətəndaş Müqaviləsi" partiyasının seçkiqabağı proqramını təqdim edərkən deyib.

"Ermənistan və Azərbaycan arasında sülhün təsis edilməsi 2024-cü ildə Tavuş bölgəsində dövlət sərhədinin demarkasiyası prosesi ilə, daha sonra Ermənistan və Azərbaycanın Demarkasiya Komissiyalarının Birgə Fəaliyyəti haqqında Əsasnamənin imzalanması və təsdiqlənməsi ilə başlayıb və 8 avqust 2025-ci ildə Bakı ilə İrəvan arasında Sülhün Qurulması və Dövlətlərarası Münasibətlər haqqında Sazişin paraflanması və Vaşinqton Bəyannaməsi ilə sülh və nəqliyyat infrastrukturlarının blokadadan çıxarılması prinsiplərinin müəyyən edilməsi ilə davam edib", - deyə siyasətçi vurğulayıb.

Paşinyan qeyd edib ki, hakim güc əslində sülhün institutlaşdırılmasının başladığını qəbul edir:

"Yenə də xatırlatmaq istəyirəm ki, bunun həm də de-yure məcburi hüquqi bazası var. Söhbət iki ölkənin baş nazir müavinləri tərəfindən imzalanmış, sonra hər iki ölkədə təsdiq prosedurundan keçmiş və hər iki ölkənin hüquq sisteminin ayrılmaz hissəsinə çevrilmiş Ermənistan və Azərbaycanın demarkasiyası üzrə dövlət komissiyalarının birgə fəaliyyəti haqqında qaydalardan gedir. Və həmin qaydada deyilir ki, Ermənistan və Azərbaycan iki ölkə arasında demarkasiya prosesinin əsas prinsipinin Almatı Bəyannaməsi olduğunu qəbul edirlər ki, bu da öz növbəsində müstəqil Ermənistanın ərazisinin Sovet Ermənistanının ərazisi ilə, müstəqil Azərbaycanın ərazisinin isə Sovet Azərbaycanının ərazisi ilə eyni olduğunu bildirir”, - deyə siyasətçi əlavə edib.

Paşinyan bildirib ki, müəyyən proqramlar artıq reallığa çevrilir. Ermənistan və Azərbaycan arasında kiçik addımlarla ikitərəfli ticarət qurulur, vətəndaş cəmiyyəti nümayəndələri arasında əlaqələr artıq konkret bir yoldadır:

“Ümid edirəm və əminəm ki, yaxın gələcəkdə işgüzar əlaqələr də qurulacaq ki, bu da sülhün institusionallaşdırılması üçün ən vacib vasitə və vasitələrdən biridir”, - deyə siyasətçi bəyan edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
53
1
missiya.az

6Mənbələr