Bolqarıstanda keçirilən parlament seçkilərində səslərin hesablanması davam edir və ilkin rəsmi nəticələr açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Bolqarıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, protokolların 78,24 faizi baxıldıqdan sonra “Proqressiv Bolqarıstan” koalisiyası açıq fərqlə irəlidədir. İlkin nəticələrə əsasən, Rumen Radev tərəfindən yaradılan bu siyasi qüvvə təxminən 44,5 faiz səs toplayaraq rəqiblərini xeyli qabaqlayır.
İkinci yerdə “Dəyişiklikləri Davam etdiririk – Demokratik Bolqarıstan” koalisiyası qərarlaşıb və onun nəticəsi təxminən 13,6–13,7 faiz səviyyəsində qiymətləndirilir.
Sonrakı yerlərdə isə GERB-SDS bloku, eləcə də digər siyasi qüvvələr daha aşağı göstəricilərlə yer alır.
Bu nəticələr Bolqarıstanda seçkilərin əvvəlcədən proqnozlaşdırıldığı kimi, bir siyasi qüvvənin üstünlüyü ilə keçdiyini göstərir. Qeyd olunur ki, bu seçkilər son illərdə ölkədə davam edən siyasi qeyri-sabitlik fonunda keçirilib. 2021-ci ildən bəri Bolqarıstanda bir neçə dəfə növbədənkənar parlament seçkilərinin keçirilməsi siyasi sistemdə parçalanmanın davam etdiyini göstərir.
Mövcud nəticələrə baxmayaraq, yekun nəticələr və mandat bölgüsü yalnız bütün protokolların emalından sonra müəyyənləşəcək. Bununla belə, artıq indiki mərhələdə “Proqressiv Bolqarıstan”ın seçkilərdə aydın üstünlük qazandığı müşahidə olunur və bu, ölkədə yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilir.