Sosial şəbəkələrdə tez-tez “bədənində döymə olanlar hərbi xidmətə aparılmır” kimi iddialar gündəmə gəlir. Xüsusilə, gənclər arasında bu məsələ ilə bağlı müxtəlif fikirlər dolaşır, döymənin hərbi xidmətə yararlılığa təsir edib-etmədiyi müzakirə olunur.
Bəs həqiqətən döymənin ölçüsü, məzmunu və ya bədəndə yerləşdiyi nahiyə hərbi xidmətə yararlılığa təsir edirmi?
Bu barədə KONKRET.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən, bədənində döymə və ya çapıq izləri olan çağırışçılar avtomatik olaraq hərbi xidmətə yararsız hesab edilmir.
“Çağırışa cəlb olunan şəxslər müayinə zamanı, o cümlədən əvvəllər psixiatrik xəstəxanada qeydiyyatda olub-olmaması, ambulator və ya stasionar müalicə alıb-almaması nəzərə alınmaqla qiymətləndirilir.
Bədənin müxtəlif nahiyələrində tatuaj və ya çapıq izləri aşkar edilən şəxslər mənəvi-psixoloji durumunun qiymətləndirilməsi məqsədilə əlavə olaraq psixiatriya xəstəxanalarında müayinəyə cəlb oluna bilərlər”.
Onun sözlərinə görə, bu proses elektron sistem üzərindən göndəriş və nəticələrin rəsmiləşdirilməsi yolu ilə həyata keçirilir.
Hərbi ekspert vurğulayıb ki, döymənin ölçüsü, məzmunu və ya yerləşdiyi nahiyə birbaşa hərbi xidmətdən azad olunmaq üçün əsas sayılmır. Yekun qərar əlavə müayinələrin nəticələrinə uyğun olaraq qəbul edilir.