Şəhərdə taksi dayanacaqlarının azlığı ciddi problemlər yaradır. Mövcud vəziyyət həm sürücülər, həm də sərnişinlər üçün çətinliklər formalaşdırır. Xüsusilə sıx məskunlaşmış ərazilərdə əlavə dayanacaq yerlərinin yaradılması hər zaman mümkün olmur.
Bəzi ərazilərdə infrastrukturun məhdudluğu səbəbindən taksilərin dayanması çətinləşir. Bu isə sürücülərin cərimələnməsi ilə nəticələnə bilər.
Nəqliyyat eksperti Yasin Mustafayev bildirir ki, şəhər artıq formalaşmış struktura malikdir və hər yerdə taksi dayanacağı təşkil etmək mümkün deyil. Onun sözlərinə görə, bəzi hallarda sərnişinlər taksini elə nöqtələrə sifariş verirlər ki, orada dayanmaq qadağandır. Bu zaman sürücülər riskə girir və cərimə ilə üzləşir.
Ekspert qeyd edir ki, bu problemin həlli üçün həm sürücülər, həm də sərnişinlər daha planlı davranmalıdır. Zərurət olduqda sərnişinlərin qısa məsafəni piyada qət etməsi və ya uyğun dayanacaq nöqtəsini əvvəlcədən seçməsi vacibdir.
Zəhra Ağayeva