Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan bildirib ki, Ermənistan Rusiya ilə münasibətlərdə qarşıdurmadan qaçacaq və mövcud problemlər dialoq yolu ilə həll olunacaq. Onun sözlərinə görə, ölkə həm Avropa İttifaqı, həm də Avrasiya İqtisadi İttifaqı ilə paralel əməkdaşlıq modelini qorumağa çalışır. Bu açıqlama Ermənistan–Rusiya münasibətlərində son dövrlərdə müşahidə olunan gərginlik fonunda verilib.
Bu arada Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsi Avropa İttifaqına inteqrasiya məsələsində Brüsseli “şantaj etmək” niyyətində deyil. O qeyd edib ki, Aİ-yə üzvlük prosesi qəbul edilən qanunla avtomatik başlamır və bu, uzunmüddətli uyğunlaşma tələb edir. Paşinyanın sözlərinə görə, Ermənistan üçün əsas məqsəd Avropa standartlarına uyğunlaşmaqdır. O əlavə edib ki, Aİ-yə qəbul olunub-olunmamaqdan asılı olmayaraq, ölkə bu prosesdən fayda əldə edəcək.
Bu yanaşmanın Ermənistanın Rusiya ilə münasibətlərində gərginliyi tam şəkildə azaltmağa nə dərəcədə kifayət edəcəyi və eyni vaxtda iki fərqli inteqrasiya modelində qalmağın gələcəkdə hansı riskləri yarada biləcəyi sual doğurur.
Politoloq Şəhla Cəlilzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistan öz xarici siyasətini çoxvektorlu adlandıra və balanslaşdırma istiqamətində addımlar ata bilər, lakin eyni anda həm Avropa İttifaqı, həm də Avrasiya İqtisadi Birliyində olmaq mümkün deyil. Onun sözlərinə görə, Paşinyanın başlatdığı Avrointeqrasiya prosesi AİB üzvlüyü ilə həm hüquqi, həm də real siyasi baxımdan uyğun deyil. Bu vəziyyət ən sadə formada “ya biz, ya onlar” məntiqi ilə ifadə olunur.
Politoloq qeyd edir ki, Ermənistan AİB-dən çıxaraq Aİ-yə inteqrasiya xəttini seçərsə, bu, ölkə üçün ciddi risklər və itkilər yarada bilər. Onun fikrincə, bu addım Rusiyanın “strateji itki” kimi qiymətləndirə biləcəyi bir prosesdir və belə hallarda Moskvanın hansı vasitələrə əl ata biləcəyi artıq əvvəlki təcrübələrdən təxmin olunur. Şəhla Cəlilzadə hesab edir ki, xüsusilə seçki dövrlərində Ermənistan rəhbərliyi həm Rusiya, həm də daxili auditoriyanı sakitləşdirmək üçün daha balanslı və ehtiyatlı siyasi mesajlar verir.
İradə Cəlil, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.