AZ

Azərbaycan bu təşkilata sədrlik edəcək

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Xarici işlər naziri Ceyhun Bayramov Tailand Krallığının paytaxtı Banqkok şəhərinə işgüzar səfəri çərçivəsində BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasına (UNESCAP) sədr seçilib.

Bu barədə Globalinfo.az-a Xarici İşlər Nazirliyindən məlumat verilibş

Qeyd olunub ki, Azərbaycanın növbəti bir il ərazində UNESCAP-a sədrlik etməsi nəzərdə tutulub.

“Heç kəsi geridə qoymamaq: Asiya və Sakit okean regionunda bütün yaşlar üçün cəmiyyətin irəlilədilməsi” mövzusuna həsr olunmuş sessiyanın açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin sessiya iştirakçılarına ünvanlanmış müraciəti Ceyhun Bayramov tərəfindən səsləndirilib.

Cənab Prezidentin müraciətində qlobal miqyasda artan geosiyasi gərginliklərin beynəlxalq sülh və təhlükəsizlik üçün yaratdığı çağırışlar qeyd olunub, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinin əhəmiyyəti bir daha vurğulanıb.

Müraciətdə Azərbaycanın suverenliyini tam bərpa etməsi, Ermənistanla normallaşma prosesində əldə olunan irəliləyişlər, Böyük Qayıdış proqramı, mina təhlükəsinin yaratdığı təhdidlər, dayanıqlı inkişaf göstəriciləri, Orta Dəhlizin artan rolu və ölkənin enerji təhlükəsizliyi ilə regional bağlantıya töhfəsi önə çəkilib.

Müraciətdə Azərbaycanın beynəlxalq təşkilatlar və platformalarda artan fəallığı diqqətə çatdırılıb. Türk Dövlətləri Təşkilatına, AQEM-ə sədrlik, COP29-un uğurla təşkili və tarixi nəticələri, D-8 üzvlüyümüz, qarşıdan gələn Ümumdünya Şəhərsalma Forumu və digər təşəbbüslər vurğulanıb.

Daha sonra nazir Ceyhun Bayramov sessiyanın sədri qismində çıxış edərək Azərbaycanın inklüziv inkişaf, rəqəmsal transformasiya, yaşıl enerji, regional əlaqəlilik və çoxtərəfli əməkdaşlıq sahələrində prioritetlərini təqdim edib.

Çıxışda vurğulanıb ki, sürətlə dəyişən qlobal şəraitdə inklüzivlik əsas istiqamət olaraq qalmalıdır. Bu yanaşmanın “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində həyata keçirildiyi və bilik əsaslı, rəqabət qabiliyyətli iqtisadiyyatın formalaşdırılmasını hədəflədiyi diqqətə çatdırılıb.

Rəqəmsal texnologiyalar, onlayn dövlət xidmətləri və süni intellekt tətbiqləri idarəetmənin səmərəliliyini artırdığı qeyd edilib.

Çıxışda bərpa olunan enerji mənbələrinin həm iqlim, həm də iqtisadi dayanıqlılıq baxımından əhəmiyyəti vurğulanıb. Bakıda keçirilmiş COP29 çərçivəsində əldə edilmiş tarixi razılaşmalar, o cümlədən ildə ən azı 300 milyard ABŞ dolları həcmində iqlim maliyyəsinin səfərbər olunması öhdəliyi xatırlanıb. Bu öhdəliklərin praktiki layihələrə çevrilməsinin vacibliyi qeyd olunub.

Nəqliyyat, ticarət və logistika əlaqələri inklüziv inkişafın mühüm vasitəsi kimi qiymətləndirilib. Azərbaycanın Avropa və Asiyanın kəsişməsində yerləşən strateji mövqeyi vurğulanaraq Orta Dəhlizin regional əməkdaşlıq və dayanıqlılıqda roluna diqqət çəkilib.

Çıxışda bölgəmizdə sülh quruculuğu səylərinin, Cənub–Cənub əməkdaşlığı və çoxtərəfli diplomatiyanın önəmi qeyd olunub.

Sessiya çərçivəsində ümumi müzakirələr zamanı həmçinin xarici işlər nazirinin müavini Yalçın Rəfiyev çıxış edib. Çıxış zamanı, regionda inklüziv və dayanıqlı inkişafın təşviqi, sosial bərabərliyin gücləndirilməsi və bütün təbəqələrin inkişaf prosesinə cəlb olunmasının əhəmiyyəti vurğulanıb.

BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasına sədrliyin Azərbaycana həvalə olunması ölkəmizə göstərilən yüksək etimadın, Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun və qlobal və regional proseslərdəfəal iştirakının bariz təzahürüdür.

UNESCAP Asiya və Sakit okean regionunda iqtisadi vəsosial əməkdaşlığı təşviq edən BMT-nin əsas regional platformalarından biri olmaqla, dayanıqlı inkişaf, inklüziv artımvə sosial rifah məsələləri üzrə dialoq üçün mühüm rol oynayır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
8
globalinfo.az

10Mənbələr