AZ

Diplomatiyanın yeni cəbhəsi: “Görünməyən güc”, səssiz danışıqlar, böyük nəticə 

Müasir beynəlxalq münasibətlər sistemində sərt güc amilləri ilə yanaşı, “yumşaq güc” alətlərinin rolu sürətlə artmaqdadır. Xüsusilə qlobal və regional geosiyasi qarşıdurmaların kəskinləşdiyi, iqtisadi və enerji mübarizələrinin genişləndiyi bir dövrdə parlament diplomatiyası dövlətlərin xarici siyasətinin ayrılmaz komponentinə çevrilib.

Bu kontekstdə Azərbaycan parlament diplomatiyasını klassik diplomatiyanın tamamlayıcısı kimi deyil, onu gücləndirən strateji alət kimi istifadə edərək beynəlxalq mövqeyini möhkəmləndirir və yeni geosiyasi reallıqlarda özünü orta güc və ciddi  təsir gücünə malik aktor kimi təqdim edir.

Parlament diplomatiyasının artan geosiyasi çəkisi
Parlament diplomatiyası artıq sadəcə protokol xarakterli görüşlərdən ibarət deyil. Bu mexanizm dövlətlərin siyasi mövqeyinin beynəlxalq platformalarda müdafiəsi, qlobal çağırışlara dair normativ yanaşmaların formalaşdırılması, qarşılıqlı etimadın və dialoqun qurulması kimi funksiyaları ilə real siyasi təsir alətinə çevrilib.
Xüsusilə Parlamentlərarası İttifaq kimi qurumlar və Qoşulmama Hərəkatı çərçivəsində yaradılan parlament platformaları dövlətlər arasında körpü rolunu oynayır.

Azərbaycanın parlament diplomatiyası: strateji xətt və siyasi koordinasiya
Azərbaycanın parlament diplomatiyası Prezident İlham Əliyev-in müəyyən etdiyi xarici siyasət kursunun məntiqi davamıdır. Bu siyasət sülh və əməkdaşlıq gündəliyinin təşviqi, regional inteqrasiyanın gücləndirilməsi, çoxtərəfli diplomatiyada aktiv iştirak kimi prioritetlər üzərində qurulub.
Milli Məclisin sədri Sahibə Qafarovanın son dövrdə artan beynəlxalq fəallığı bu strategiyanın praktik icrasıdır. Onun İstanbulda keçirilən yüksək səviyyəli tədbirlərdə iştirakı Azərbaycanın parlament diplomatiyasının yeni mərhələyə keçdiyini göstərir.

İstanbul platforması: qlobal dialoq və Azərbaycan təşəbbüsləri
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 5-ci konfransı və Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində Azərbaycanın irəli sürdüyü tezislər qlobal gündəliklə səsləşir.
Sahibə Qafarovanın çıxışlarında bir neçə əsas istiqamət ön plana çıxır: “Geosiyasi gərginliklər, silahlı münaqişələr, iqtisadi bərabərsizliklər və iqlim dəyişiklikləri kimi çağırışlar birgə hərəkəti tələb edir.”
Bu yanaşma Azərbaycanın çoxtərəfliliyə və kollektiv təhlükəsizlik modelinə verdiyi önəmi göstərir.
Digər mühüm tezis “Parlamentlər vasitəsilə sülhə, sabitliyə və rifaha nail olmaq mümkündür.”
Bu fikir parlament diplomatiyasının artıq real təsir mexanizminə çevrildiyini təsdiqləyir.
Bakı qərargahı: Azərbaycanın institusional gücünün artması
İstanbul konfransında qəbul edilən qərara əsasən, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahının Bakıda yerləşdirilməsi Azərbaycanın beynəlxalq sistemdə rolunun gücləndiyini göstərir.
Bu qərar Azərbaycanın diplomatik mərkəzə çevrilməsi,  çoxtərəfli platformalarda liderlik rolunun artması, beynəlxalq etimadın yüksəlməsi kimi mühüm nəticələr doğurur.

Sülh diplomatiyası: Bakı–İrəvan xəttində parlament dialoqu
İstanbulda Azərbaycan və Ermənistan parlament sədrləri arasında keçirilən görüş xüsusi əhəmiyyət daşıyır. Bu təmaslar post-münaqişə dövründə etimad quruculuğu, siyasi dialoqun dərinləşməsi, sülh prosesinin institusional əsaslarının yaradılması baxımından mühüm addımdır. Bu proses göstərir ki, parlament diplomatiyası yalnız siyasi bəyanatlar deyil, real nəticələr doğuran mexanizmdir.
Azərbaycanın parlament diplomatiyası onun geoiqtisadi gücü ilə paralel şəkildə inkişaf edir. Azərbaycan Orta Dəhliz vasitəsilə Şərq-Qərb bağlantısının əsas halqasına çevrilir, Şimal–Cənub dəhlizi ilə Avrasiya logistik sistemində açar rol oynayır, enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi çıxış edir.  Bu faktorlar Azərbaycanın “bağlayıcı dövlət” kimi rolunu gücləndirir ki, ölkəmizi Avrasiya coğrafiyasında  logistik bir bağlantı mərkəzinə çevrilməkdədir.

Qlobal böhranlar və Azərbaycan diplomatiyası: riskdən fürsətə
Yaxın Şərqdə, xüsusilə İran və Körfəz bölgəsində baş verən gərginliklər fonunda Prezident İlham Əliyevin çevik siyasəti Azərbaycanın mövqeyini daha da gücləndirir. Bu siyasətin əsas xarakteri balanslaşdırılmış diplomatiya, bütün tərəflərlə dialoq, risklərin iqtisadi və siyasi imkanlara çevrilməsi kimi elementlərdən ibarətdir.
Nəticədə Azərbaycan nəqliyyat və enerji marşrutlarında alternativ mərkəzə çevrilir,  regional sabitliyin təminatçılarından biri kimi çıxış edir. 

Parlament diplomatiyası və yumşaq güc sintezi
Azərbaycanın yanaşmasının unikallığı ondadır ki, bu sərt güc (geoiqtisadi və enerji imkanları), yumşaq güc (parlament diplomatiyası, beynəlxalq platformalar) arasında effektiv balans yaradır. Bu isə ölkəni regional lider, qlobal dialoq təşəbbüskarı, yeni əməkdaşlıq modellərinin müəllifi kimi ön plana çıxarır.

Yeni diplomatik mərhələ
Azərbaycanın parlament diplomatiyası artıq ikinci dərəcəli alət deyil – bu, ölkənin qlobal strategiyasının əsas sütunlarından birinə çevrilib.
Sahibə Qafarovanın rəhbərliyi ilə həyata keçirilən fəal parlament diplomatiyası Prezident İlham Əliyevin xarici siyasət kursunu beynəlxalq miqyasda möhkəmləndirir, Azərbaycanın nüfuzunu artırır, regionda sülh və əməkdaşlıq üçün real imkanlar yaradır. 
Mövcud mürəkkəb geosiyasi şəraitdə bu yanaşma Azərbaycanın təkcə iştirakçı deyil, qaydalar formalaşdıran aktor kimi çıxış etdiyini göstərir.

Mürtəza Bünyadlı

Seçilən
18
50
olke.az

10Mənbələr