AZ

Gənclərin işə çıxışında maneələr artır: təcrübə tələbi və vakansiya çatışmazlığı ön planda

Azərbaycanda gənclərin əmək bazarına inteqrasiyası son illərdə daha da çətinləşir. İş elanlarında yüksək təcrübə tələbləri, aşağı maaş təklifləri və məhdud vakansiyalar “youth employment challenges” kimi xarakterizə olunan ciddi bir problemi daha da dərinləşdirir. Bu vəziyyət gənclərin iş bazarına ilk addımını xeyli çətinləşdirir.

"Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin rəhbəri Tükəzban Süleymanova QHT.az-a açıqlamasında bildirib ki, Azərbaycanda gənclərin əmək bazarına daxil olmasını çətinləşdirən əsas struktur problem təhsil sistemi ilə əmək bazarının tələbləri arasında tam uyğunluğun olmamasıdır. Universitet və kollec məzunlarının bir hissəsi nəzəri biliklə çıxır, amma işəgötürənlərin istədiyi praktik bacarıqlar, rəqəmsal savad, sahə üzrə real iş təcrübəsi və ünsiyyət bacarıqları onlarda kifayət qədər formalaşmır. Xüsusilə, peşə təhsili və tətbiqi hazırlıq xəttinin uzun illər zəif qalması bu boşluğu daha da böyüdüb. 

O qeyd edib ki, ikinci ciddi faktor vakansiyaların keyfiyyəti və coğrafi bölgüsüdür. İş imkanlarının böyük hissəsi Bakı və Abşeronda cəmləşir, regionlarda isə həm vakansiya sayı azdır, həm də maaşlar aşağı olur. Buna görə region gənci ya paytaxta köçməli, ya da ixtisasından kənar, daha aşağı gəlirli işə razılaşmalı olur. Üstəlik, bəzi sahələrin daha məhdud iş yeri yaratması, qeyri-neft sektorunun bütün məzun axınını udacaq qədər genişlənməməsi də gənclərin seçim imkanını daraldır. 

Tükəzban Süleymanovanın sözlərinə görə, üçüncü faktor isə əmək bazarında başlanğıc səviyyəli işlərin azlığıdır. Bir çox şirkət əslində "junior" işçi axtarsa da, elanda orta səviyyəli işçiyə yaxın tələblər yazır. Nəticədə, gənc məzun üçün bazara ilk giriş nöqtəsi çox zəifləyir.

"İşəgötürənlər hazır kadr istəyirlər, amma gənclərin o təcrübəni qazanacağı institusional keçid mexanizmləri kifayət qədər güclü deyil. Yəni şirkətlər deyir ki, “Ən azı 1–3 il təcrübə lazımdır”, amma məzun həmin təcrübəni harada toplamalıdır sualının cavabı zəif qalır. Təcrübə proqramları, ödənişli stajlar, universitet–şirkət əməkdaşlığı, dual təhsil modeli və geniş "junior" vakansiya bazası kifayət qədər inkişaf etməyəndə bu ziddiyyət daha kəskin görünür. Bu səbəbdən gənc iş tapmaq üçün ya ixtisasından kənara çıxır, ya da aşağı maaşlı, qeyri-rəsmi və inkişaf perspektivi zəif işlərə gedir. Bu problem həm rəsmi məşğulluq qurumlarının fəaliyyət istiqamətlərində, həm də yerli ekspert və tədqiqat materiallarında dolayısı ilə təsdiqlənir", - deyə Tükəzban Süleymanova açıqlamasında bildirib. 

Son olaraq, müsahib vurğulayıb ki, problem təkcə gənclərin “təcrübəsiz” olması deyil. Problem ondadır ki, bazarda ilk təcrübəni qazanmaq üçün normal, sistemli və əlçatan körpü kifayət qədər deyil. İşəgötürən risk götürmək istəmir, təlimə və adaptasiyaya vaxt ayırmaq istəmir, gənc isə ilk fürsəti tapa bilmir. Azərbaycanda bir çox elanlarda formal olaraq “təcrübə” istənilsə də, əslində həmin işlərin bir hissəsi iş yerində öyrədilə biləcək işlərdir. Sadəcə şirkətlər kadr hazırlamaq xərci daşımaq istəmədiyi üçün bu yükü namizədin üzərinə qoyur.

Piranə Xasiyeva

Seçilən
68
qht.az

1Mənbələr