AZ

"Türkiyəli iş adamı bizə böhtan atır, məhkəməyə vermişik..." - Ağsaqqallar Şurasından AÇIQLAMA

Xəbər verdiyimiz kimi, "Massimo Group MMC" şirkətinin rəhbəri, türkiyəli iş adamı Necib Köse Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovla bağlı ittihamlar səsləndirib.

N.Köse bu barədə şirkətin sosial şəbəkə hesablarında video paylaşaraq, Bayram Yusifovun ona külli miqdarda borcunun olduğunu bildirib. 

Türkiyəli iş adamı bildirib ki, şura sədri Şıxovda 25 milyon manat dəyərində olan villası üçün "Massimo" şirkətindən mebel sifariş edib. Şirkət bir neçə otaqdan ibarət villanın bütün otaqlarını mebellə təchiz edib. 

Ödəniş məsələsinə gəldikdə isə Bayram Yusifov pulu ödəməkdən boyun qaçırıb. Mebellər yerləşdirildikdən sonra Bayram Yusifov vəzifə səlahiyyətlərindən istifadə edərək müxtəlif bəhanələr gətirib. Sahibkar 8 aydır ki, pulunu ala bilmir.

Məsələ ilə bağlı Ağsaqqallar Şurası ilə əlaqə saxladıq.

Ağsaqqallar Şurasında Ramin adlı məsul şəxs məsələnin detallarından xəbərsiz olduğunu bildirsə də, bəzi məlumatlar verdi:

"Bu məsələnin Ağsaqqallar Şurasına birbaşa aidiyyatı yoxdur. Məsələnin detallarını tam bilməsək də, onu deyə bilərəm ki, Bayram müəllim ziyalı insandır, bu ittihamlar isə cəfəngiyyatdır. Bunlar ona yaraşmayan böhtanlardır. Məsələ ilə bağlı  Bayram müəllimlə də danışdım. Bayram müəllim dedi ki, o türkiyəli iş adamı dələduzdur. O şəxslə bağlı məhkəməyə müraciət edilib".

Mövzu ilə bağlı Bayram Yusifovun da mövqeyini öyrənməyə çalışırıq. 

Nigar,

Sitat.info

 

Seçilən
25
2
sitat.info

3Mənbələr