AZ

“Kölgə iqtisadiyyatı” ilə mübarizə: Artan təkcə nağdsız ödənişlərdir?

Azərbaycanda son illərdə nağdsız ödənişlərin genişlənməsi iqtisadi dövriyyənin daha şəffaf və rəqəmsal formaya keçməsini sürətləndirib.

Kartla və mobil ödənişlərlə alış-verişin artması həm istehlakçı vərdişlərini dəyişir, həm də biznes subyektlərinin fəaliyyətinə birbaşa təsir göstərir.

Xüsusilə kiçik sahibkarlar üçün bu dəyişikliklər həm yeni imkanlar, həm də müəyyən əlavə xərclər və çətinliklər yaradır. Məhz bu kontekstdə nağdsız ödənişlərin biznes gəlirlərinə təsiri, bank xərcləri və “kölgə iqtisadiyyatı”na mümkün təsirləri aktuallığını qoruyur.

Bəs nağdsız ödənişlərin genişlənməsi “kölgə iqtisadiyyatı”nın azalmasına real təsir göstərə bilərmi?

İqtisadçı-ekspert Asif İbrahimov “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda nağdsız ödənişlərin sürətlə artması iqtisadi sistemdə mühüm dəyişikliklərə səbəb olur: 

“Bu proses xüsusilə kiçik və orta sahibkarlıq üçün həm imkanlar, həm də müəyyən çətinliklər yaradır. Bir tərəfdən nağdsız ödənişlərin genişlənməsi satışların daha şəffaf uçotunu təmin edir, müştəri rahatlığını artırır və biznesin rəqəmsallaşmasına şərait yaradır.

Digər tərəfdən isə dövriyyənin tam görünməsi vergi yükünün daha real şəkildə formalaşmasına və likvidlik baxımından əlavə çətinliklərə səbəb ola bilər.

Eyni zamanda POS-terminal komissiyaları və bank xidmət haqları kiçik biznes üçün əlavə əməliyyat xərci kimi qiymətləndirilir. Böyük şirkətlər üçün bu xərclər daha asan idarə olunsa da, mikro və kiçik sahibkarlar üçün mənfəət marjasına birbaşa təsir göstərə bilir.

Cənab Prezident İlham Əliyev tərəfindən vurğulanan iqtisadi modernləşmə kursu çərçivəsində nağdsız ödənişlərin genişlənməsi “kölgə iqtisadiyyatı”nın azalması baxımından da mühüm rol oynayır. Bu sistem əməliyyatların izlənməsini asanlaşdırır və iqtisadi şəffaflığı artırır.

Məhz nağdsız ödənişlər təkbaşına “kölgə iqtisadiyyatı”nı tam aradan qaldıra bilməz. Bunun üçün vergi yükünün optimallaşdırılması, nəzarət mexanizmlərinin gücləndirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması kimi kompleks yanaşma tələb olunur”.

Ekspert qeyd edir ki, nağdsız iqtisadiyyatın genişlənməsi müsbət istiqamətdir:

“Lakin onun dayanıqlı və ədalətli nəticə verməsi üçün kiçik sahibkarların üzərindəki maliyyə yükü ilə balanslaşdırılması vacibdir”.

Seçilən
46
1
cebheinfo.az

2Mənbələr