AZ

Monqolustanda xərçəng xəstəsi azərbaycanlının çıxışına stop qoyulub – 70 min pul istəyirlər

Xəbər verdiyimiz kimi, Azərbaycan vətəndaşı Monqolustanda ağır vəziyyətdə qalıb. Lerik rayonunun Piran kənd sakini Həsənov Məhəmməd Kərim hazırda Monqolustanın Bayan-Ölgii bölgəsində həyat üçün mübarizə aparır. Onun səhhətinin kritik olduğu bildirilir. Məlumata görə, həkimlər onun vəziyyətini ağır qiymətləndirir və təxminən 3 ay ömrünün qaldığını qeyd ediblər. Ailə üzvləri onun Azərbaycana qaytarılması üçün təcili yardım tələb edir.

Məhəmməd Həsənovun qardaşı Azad Həsənov Musavat.com-a açıqlamasında bildirib ki, qardaşı qan xərçəngindən əziyyət çəkir, lakin onun Monqolustandan çıxışına qadağa qoyulub. Onun sözlərinə görə, buna səbəb Məhəmməd Həsənov barəsində Monqolustanda cinayət işi açılması və məhkəmə hökmü ilə 4 il 6 aylıq həbs cəzası almasıdır. Ailə iddia edir ki, xəstəlik həbs dövründə aşkarlanıb və daha sonra o, şərti azadlığa buraxılıb.

Qardaşının bildirdiyinə görə, hazırda Məhəmmədin ölkədən çıxışına icazə verilməsi üçün Monqolustan hökumətinə 70 min manat dəyərində pul verilməsi tələb olunur:

“Qardaşımla hər gün əlaqə saxlayırıq. Onun səhhətini nəzarətdə saxlamağa çalışırıq. O, 3 il bundan öncə Monqolustana 1 həftəlik dostunun dəvəti ilə istirahətə getmişdi. Orada onu şərləyib barəsində cinayət işi açdılar. Belə ki, Məhəmməd digər qardaşımın “Best MN” onlayn ticarət şirkətində çalışırdı. O şirkət vergi ödəyicisi olub. İndi isə fəaliyyətini dayandırıb. Həmin şirkət Monqolustan da daxil olmaqla 12-13 dövlətdə fəaliyyət göstərirdi. Məhəmmədi həmin şirkətdəki pulları ölkədən çıxarmaqda ittiham edirlər. Deyirlər ki, sənin qardaşının şirkətidir, sən də orada işləmisən. Halbuki ortalıqda hansısa sübut yoxdur.

Qardaşım ötən ilin may ayında həbs edilib. Ona qədər isə iki il məhkəmə prosesi aparılıb və həmin müddətdə ölkədən çıxışına stop qoyulub. Həbsdə olarkən qan xərçəngi olduğu üzə çıxıb. Ondan sonra onu şərti azadlığa buraxıblar”.

Azad Həsənov qeyd edib ki, Azərbaycanın bu ölkədə səfirliyi yoxdur. Ona görə də Koreyada səfirliyimizin nümayəndəsi Məhəmmədə baş çəkir, ancaq onlar da işə müdaxilə edə bilmirlər:

“Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət etmişik. Orada səfirlik olmadığı üçün birbaşa müdaxilə etmək çətindir. Mənim qardaşım günahsızdır, onu şərləyib həbs ediblər. Azərbaycan hökumətindən bu işə müdaxilə etməsini xahiş edirik”.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
15
musavat.com

1Mənbələr