Britaniyada hakimiyyətə böyük ümidlərlə gələn Kir Starmer liderlik böhranı və istefa çağırışları ilə üz-üzə qalıb.
Musavat.com xəbər verir ki, Politico nəşrinin geniş təhlilinə görə, Böyük Britaniyanın baş naziri Kir Starmer hakimiyyətə gəldikdən iki il keçməmiş ciddi siyasi böhran yaşayır və bir çoxları onun baş nazirliyinin son mərhələsinin başladığını düşünür.
Məqalədə bildirilir ki, böhranın mərkəzində Starmerin 2024-cü ildə keçmiş leyborist ağırçəkilisi, sabiq nazir Piter Mandelsonu Böyük Britaniyanın ABŞ-dakı səfiri təyin etməsi dayanır.
Veirlən xəbərə görə, Starmer həmin vaxt Mandelsonu ABŞ-la, xüsusilə yeni Tramp administrasiyası ilə əlaqələr üçün əsas fiqur hesab edirmiş. Lakin sonradan onun mərhum cinsi cinayətkar Ceffri Epşteynlə dostluq münasibətləri yenidən gündəmə gəlib.
Bu ilin sentyabrında Starmer Mandelsonu vəzifədən azad etsə də, qalmaqal bununla bitməyib.
The Guardian-ın məlumatına görə, təhlükəsizlik yoxlamasını aparan məmur Mandelsona tam təhlükəsizlik icazəsinin verilməməsini tövsiyə edib. Bu isə səfir postu üçün həlledici məsələ idi. Buna baxmayaraq, Xarici İşlər Nazirliyi ona icazə verib.
Ən səs-küylü detal isə budur: Starmerin özü bu qərardan xəbərsiz olub və təhlükəsizlik xəbərdarlığını yalnız bir neçə gün əvvəl öyrənib.
Politico qeyd edir ki, bu qalmaqal artıq bir neçə yüksək vəzifəli şəxsin siyasi karyerasına zərbə vurub:
- Piter Mandelson vəzifədən gedib;
- Starmerin aparat rəhbəri Morqan MakSuini postunu itirib;
- Xarici İşlər Nazirliyinin rəhbəri Oliver Robbins də işdən çıxarılıb.
Müxalifət liderləri isə Starmeri parlamenti aldatmaqda ittiham edir və istefa verməyə çağırırlar.
Politico məqalə üçün Starmerlə işləyən siyasətçilər, müşavirlər və dövlət rəsmiləri ilə danışıb. Onların çoxu anonimlik şərti ilə sərt fikirlər səsləndirib.
Leyborist Partiyasından bir mənbə bunları:
“Çoxları düşünür ki, Kir Starmer yaxşı adamdır, sadəcə bu vəzifənin öhdəsindən gələ bilmir. Yox. O, vəzifənin öhdəsindən gələ bilməyən kobud adamdır.”
Başqa mənbələrə görə, Starmer: komanda idarə edə bilmir; münaqişədən qaçır; hakimiyyət üçün aydın missiyası yoxdur; dəyişiklik etmək enerjisi göstərmir; insanlarla işləməyə maraqsızdır; siyasi strategiyaya maraq göstərmir.
Politico Starmerin 2024-cü ildə Leyboristləri böyük qələbəyə götürdüyünü xatırladır. O zaman onun əsas üstünlüyü komandasına qarışmaması, səlahiyyət verməsi və peşəkar kampaniya qurması idi.
Mühafizəkarların 14 illik hakimiyyətdən sonra zəiflədiyi vaxtda bu taktika işlədi və Leyboristlər parlament yerlərinin üçdə ikisini qazandı.
Amma hökumətdə eyni metod problemə çevrilib.
Starmer ilk aparat rəhbəri Sue Qreyə tam səlahiyyət verib. O isə hakimiyyətə gələn kimi tətbiq ediləcək hazır plan təqdim etməli idi. Sonradan məlum olub ki, belə plan ümumiyyətlə mövcud olmayıb.
Daha sonra Qreyi seçki kampaniyasının memarı Morqan MakSuini əvəz edib. Bir müddət vəziyyət yaxşılaşsa da, Mandelson böhranından sonra o da gedib.
Hökumətdə dağınıqlıq
Politico vurğulayır ki, Starmer qısa müddətdə rekord kadr dəyişiklikləri yaşayıb:
- 3 aparat rəhbəri
- 5 kommunikasiya direktoru
- 3 kabinet katibi
- 2 əsas şəxsi katib dəyişib.
Keçmiş rəsmilərdən biri bunu belə dəyərləndirib:
“O, işlək komanda qura bilmir. Bu ciddi idarəçilik deyil”.
Məqalədə qeyd olunur ki, maliyyə naziri Reyçel Rivz ilə müdafiə naziri Con Hili arasında hərbi büdcə mübahisəsi uzun müddətdir həll olunmur.
Mənbələrin sözlərinə görə, Starmer istəsə bunu bir anda həll edə bilərdi, amma qərar verməkdən yayınır.
Politico təhlilçilərinə görə, Starmer vaxtilə sabiq baş nazir Boris Consonu qalmaqallı idarəçiliyinə görə sərt tənqid edirdi və siyasətə etimadı bərpa edəcəyinə söz vermişdi.
İndi isə özü parlamenti aldatmaq ittihamı ilə üzləşib.
Starmer bu həftə parlamentdə deputatların suallarını cavablandırmalıdır. Oliver Robbins isə Xarici İşlər Komitəsində ifadə verəcək.
Politico yazır ki, bu iki çıxış Starmer üçün həlledici ola bilər.
Musavat.com