AZ

Adı qarışan ideya gücünü itirər

Ayna portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Aydın bir həqiqət ortaya çıxır: adı qarışan ideya istiqamətini itirir, istiqaməti olmayan ideya isə heç vaxt gücə çevrilə bilmir

Dünya faktlarla idarə olunmur, dünya anlatılarla (narrative) idarə olunur və insan reallığı olduğu kimi yox, ona təqdim edilən çərçivə (frame) daxilində qəbul etdiyi üçün eyni hadisə fərqli anlatılarda (narrativlərdə) tamamilə fərqli mənalara çevrilir, bir tərəfdə qəhrəman kimi təqdim olunan fiqur digər tərəfdə təhlükə kimi göstərilir və bu səbəbdən də kim anlatını (narrativi) qurursa, o düşüncəni yönləndirir, kim düşüncəni yönləndirirsə, o da gələcəyi formalaşdırır.

Əgər bir toplum öz anlatısını (narrativini) yaratmırsa, qaçılmaz olaraq başqasının anlatısının içində yaşayır və bu mərhələdə artıq o toplum özünü başqasının dili ilə izah edir, öz tarixini başqasının prizmasından görür və gələcəyini başqasının düzəninə (sisteminə) uyğun qurur, bu isə artıq təsir yox, səssiz idarəetmədir, çünki sən artıq özün deyilsən, sənə təqdim olunan versiyasan.

Bugünkü əsas problem iqtisadi zəiflikdən daha çox ideoloji boşluqdur və gənc insan bir tərəfdə qlobal mədəniyyətin cazibəsi, digər tərəfdə isə sistemsiz və parçalanmış yerli dəyərlər arasında qaldığı üçün nəticədə kimlik parçalanır, insan nə tam olaraq özünə aid olur, nə də başqasına və bu vəziyyət onu yönləndirilməsi ən asan obyektə çevirir.

Bu xaosun içində başqa bir ciddi problem də ortaya çıxır: Türk birliyi ilə Turan anlayışının bir-birinə qarışdırılması və bu qarışıqlıq sadəcə termin fərqi deyil, bu strateji düşüncənin pozulmasıdır, çünki Türk birliyi konkret, ölçülə bilən və praktik sahədir – ortaq dil ailəsi, ortaq tarix və real iqtisadi-siyasi əməkdaşlıq imkanları üzərində qurulan bir düzən (sistem) yaradır, amma Turan anlayışı tamam başqa səviyyədədir, bu coğrafi yox, sivilizasiya anlatısıdır (narratividir) və yalnız Türk dövlətlərinin birləşməsi deyil, daha geniş dəyər məkanını ifadə etmək iddiasıdır.

Bu iddia daxilində Yaponiya (Japan), Finlandiya (Finland), Macarıstan (Hungary), Koreya (Korea), Monqolustan (Mongolia) kimi fərqli coğrafiyalarda yerləşən cəmiyyətlərlə ortaq dəyərlər tapmaq və onları bir mədəni çərçivədə birləşdirmək düşüncəsi var, lakin burada ən vacib məqam budur ki, bu gün bu reallıq deyil, bu qurulmalı olan anlatıdır (narrativdir) və əgər bu fərq başa düşülməzsə, ideya reallıq kimi təqdim olunur, gözləntilər şişir və nəticədə inam dağılır.

Tarix göstərir ki, heç bir böyük ideya birdən-birə reallığa çevrilmir, əvvəlcə anlatı (narrativ) qurulur, sonra elm ilə əsaslandırılır, daha sonra sənətlə cazibəyə çevrilir və ən sonda düzənə (sistemə) salınır və yalnız bu mərhələlər keçildikdə ideya şüar olmaqdan çıxıb gücə çevrilir.

Müasir dünyada bu prosesin əsas aləti yumşaq gücdür (soft power) və bu güc zorla deyil, cazibə ilə işləyir, film ilə təsir edir, musiqi ilə yayılır, təhsil ilə kök salır və media vasitəsilə normaya çevrilir, insanlara “bizə qoşul” demir, sadəcə elə bir mühit yaradır ki, insanlar özləri yaxınlaşmaq istəyir və əgər Turan anlatısı qurulacaqsa, bu yalnız bu mexanizmlə mümkün olacaq.

Amma burada ən böyük təhlükə özünü aldatmaqdır, əgər biz istəklərimizi reallıq kimi təqdim etsək, qarşı tərəfin maraqlarını nəzərə almasaq və tənqidi düşüncəni kənara atsak, o zaman biz narrativ qurmuruq, sadəcə özümüzü inandırırıq və bu, hər bir ideyanın ən sürətli məhvidir.

Bu səbəbdən çıxış yolu aydındır, biz Yeni Turan anlatısı (narrativi) yaratmalıyıq, amma bu anlatı emosiyaya, mifə və boş şüarlara yox, konkret dayaqlara söykənməlidir və bu dayaqlar elm (science), sənət (art) və biznes üzərindən dəyər yaradıcılığı (value creation) olmalıdır, çünki elm ideyanı legitimləşdirir, sənət onu cazibəyə çevirir, biznes isə onu real gücə və marağa bağlayır.

Nəticədə aydın bir həqiqət ortaya çıxır: adı qarışan ideya istiqamətini itirir, istiqaməti olmayan ideya isə heç vaxt gücə çevrilə bilmir və əgər biz öz anlatımızı (narrativimizi) qurmasaq, başqalarının anlatısında yaşamağa davam edəcəyik, amma bu gün seçim var — ya parçalanmış düşüncə ilə yolumuzu itirəcəyik, ya da öz düzənimizi (sistemimizi) quraraq yeni bir anlatı yaradacağıq, çünki gələcək onu yazanındır.

Müəllif: Eltən Törəçi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
ayna.az

1Mənbələr