Bakıda həkimlərin ürəyi dayanan xəstəni tibb müəssisəsinin həyətinddə həyata qaytardığı anların görüntüləri yayılıb.
Ölkə.Az xəbər verir ki, görüntülərin Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) həyətində çəkildiyi bildirilir.
TƏBİB-dən Ölkə.Az-ın sorğusuna cavab olaraq hadisənin təfərrüatları barədə məlumat verilib.
Bildirilib ki, həkimlərin xilas etdiyi şəxsin halı avtobusda pisləşib:
"İctimai nəqliyyatda (avtobusda) vəziyyəti qəfil pisləşən 1964-cü il təvəllüdlü şəxs (kişi) ətrafındakı insanların köməkliyi ilə 19.04.2026-cı il tarixində saat 19:50 radələrində yaxınlıqda yerləşən Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb.
Hadisə zamanı vətəndaşa ilk tibbi müdaxilə xəstəxananın həyətində göstərilib. Təcili olaraq kardiopulmonar reanimasiya (CPR) - ürəyin qapalı masajı başlanılıb, venadaxili adrenalin tətbiq edilib və pasiyent intubasiya olunaraq xəstəxananın qəbul şöbəsinə yerləşdirilib.
Xroniki ürək çatışmazlığı, ürək ritm pozğunluğu (aritmiya), ağciyər-ürək çatışmazlığı, ürək dayanmasından sonrakı vəziyyət diaqnozları təyin olunan şəxsin həyatı göstərilən uğurlu müdaxilə nəticəsində xilas edilib.
Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam edir, vəziyyəti ağır qiymətləndirilir", - deyə cavabda bildirilib.
Billurə Yunus