AZ

"Leobank"da "Yığım", "Sərmayə" və "Xəzinə": Müştəri pulları nə dərəcədə təhlükəsizdir?

"Leobank"da "Yığım", "Sərmayə" və "Xəzinə": Müştəri pulları nə dərəcədə təhlükəsizdir?

Azərbaycanın bank sektorunda "rəqəmsal inqilab" şüarı ilə peyda olan, "Unibank"ın "çətiri" altında fəaliyyət göstərən "Leobank" bu gün müştəri kütləsi baxımından ölkənin nəhəngləri ilə yarışır. Lakin ortada çox ciddi və təhlükəli bir sual var: Milyonlarla insanın etibar etdiyini iddia edən bu "neo-bank"ın maliyyə hesabatları haradadır?

Yığım var, hesabat yoxdur

"Leobank" bu gün bazarda aqressiv şəkildə üç əsas istiqamətdə yığım təklif edir: "Yığım" (əmanət), "Sərmayə" (səhmlərə investisiya) və "Xəzinə" (dövlət istiqrazları). Hər gün minlərlə müştəri bir kliklə öz vəsaitlərini bu rəngli interfeysli "qutulara" yerləşdirir. Amma ortada böyük bir maliyyə uçurumu olduğundan çoxları xəbərsizdir.

Bir çox müştəri "Yığım" bölməsinə pul qoyur, amma bu pulların hansı risklərlə idarə olunduğunu, bankın bu vəsaitlər qarşılığında nə qədər likvidlik ehtiyatı saxladığını görə bilmir. Bank müştəriyə "Sərmayə" və "Xəzinə" vasitəsilə investisiya imkanları satsa da, bu əməliyyatların real həcmi və portfelin bazar dalğalanmalarına qarşı dayanıqlığı barədə heç bir məlumat vermir.

"Neo-Bank" maskası altında köhnə vərdişlər

Dünya təcrübəsində rəqəmsal banklar hesabatlılıqda ənənəvi banklardan daha şəffaf olmağa çalışırlar. "Leobank" isə əksinə, "müasir" maskası geyinsə də, şəffaflıq məsələsində sonlardadır. Ortada bankçılıq üçün sadə bir həqiqət var: "Yığım" təklif edirsənsə, likvidlik hesabatını göstərməlisən. "Sərmayə" və "Xəzinə" təklif edirsənsə, idarə etdiyin aktivlərin strukturunu açıqlamalısan.

"Unibank"ın hesabatlarında depozitlərin necə "bahalandığını" görürük, amma "övladlığa götürdüyü" "Leobank"ın bu prosesdəki real payını – müştərilərdən topladığı "Yığım"ların bankın ümumi maliyyə sağlamlığına təsirini – bilmirik.

"Leobank" rəhbərliyi anlamalıdır ki, "cool" görünmək bankı stabil etmir. Milyonlarla insanın qəpiyini "Yığım"larda toplayıb, onlara "Xəzinə" adı altında investisiya satıb, qarşılığında heç bir rəqəm açıqlamamaq, yumşaq desək, maliyyə etikasına sığmır. Şəffaflıq bankçılığın onurğa sütunudur.

Cənablar, tətbiqiniz rəngli, yığımlarınız cəlbedici ola bilər, bəs bu rəqəmlərin "qara mühasibatlığı"na nə vaxt son qoyacaqsınız? Onları da işığa çıxarmağın vaxtı çatmayıbmı?

Səbuhi QAFAROV

Seçilən
25
1
afn.az

2Mənbələr