AZ

Dünya iqtisadiyyatının mərkəzinə doğru: Azərbaycanın yeni addımı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tailand Krallığının paytaxtı Bankok şəhərinə işgüzar səfəri çərçivəsində BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasına (UNESCAP) sədr seçilib. Bildirilib ki, ölkəmizin növbəti bir il ərzində UNESCAP-a sədrlik etməsi nəzərdə tutulub.

F6pDc8OZi1e9HK76ORGhJAqILRqSTxFLu87bQeM3_1200.jpg

Qeyd edək ki, UNESCAP Asiya və Sakit okean regionunda iqtisadi və sosial əməkdaşlığı təşviq edən BMT-nin əsas regional platformalarından biri olmaqla, dayanıqlı inkişaf, inklüziv artım və sosial rifah məsələləri üzrə dialoq üçün mühüm rol oynayır.

tural-gəncəliyev.jpg

Milli Məclisin deputatı Tural Gəncəliyev Musavat.com-a şərhində bildirib ki, Azərbaycanın sədr seçilməsi ölkəmizin beynəlxalq diplomatiya, çoxtərəfli beynəlxalq münasibətlər kontekstində əldə etdiyi uğurların, son illərdəki proaktiv diplomatik fəaliyyətinin nəticəsidir:

“Azərbaycanın diplomatiyası sərhədləri aşıb. Azərbaycan böyük Avrasiya regionunun, indiki halda Asiya və Sakit Okean üzrə, hətta deyərdim, dünya iqtisadiyyatının, geosiyasi gündəminin formalaşdığı platformaya sədr seçilir. UNESCAP BMT-nin ən güclü platformalarından biridir. Sözügedən platforma böyük iqtisadi gücləri özündə birləşdirir. Hazırda ABŞ-nin geosiyasi nəzəri Sakit Okean və Asiyaya yönəlməkdədir. Azərbaycan isə ilk dəfə deyil ki, belə bir qlobal təşkilata sədrlik edir. Bundan öncə ölkəmiz Türk Dövlətləri Təşkilatına, Qoşulmama Hərəkatına sədrlik edib, COP29 Azərbaycanda keçirilib, illər əvvəl BMT TŞ-nin qeyri-daimi üzvü seçilib. Bu, bir daha təsdiq edir ki, Azərbaycan multilateral, qlobal təşkilatlara sədrlikdə çox uğurlu nəticə ortaya qoyur. Məhz bizim Qoşulmama Hərəkatına sədrliyimizdən sonra hərəkatın nüfuzu daha da artdı. COP29-dan sonra isə COP sessiyalarına diqqət daha da çoxaldı. Bizim digər üstünlüyümüz budur ki, böyük müharibədən çıxmış, müharibəni sülhə çevirməyi bacarmış ölkə olaraq, öz təcrübəmizi və vizyonumuzu ortaya qoyuruq. Bu da beynəlxalq ictimaiyyəti cəlb edən faktordur”.

Deputatın sözlərinə görə, Azərbaycan güclü iqtisadi, ticari siyasət aparır:

“Azərbaycan nəqliyyat və kommunikasiya xətlərini birləşdirir. Şərq-Qərb marşrutu, yəni Orta Dəhliz, o cümlədən Şimal-Cənub marşrutlarının Azərbaycan üzərindən keçməklə, qlobal dünya iqtisadiyyatına “nəfəs verməsi”, ölkəmizin beynəlxalq təşkilatlara sədrlik imkanlarını artırır. Bu kontekstdə hesab edirəm ki, coğrafi baxımdan kiçik olmasına baxmayaraq, qitələrin kəsişməsində yerləşən Azərbaycanın qlobal miqyasda siyasət aparması bizim uğurlarımızın təzahür etməsinə səbəb olur. Dünya Bankının statistikasına əsasən, hazırda Asiya və Sakit Okean hövzəsi dünyanın bir nömrəli iqtisadi lokomotivinə çevrilir. Buna görə də Azərbaycan belə bir qlobal təşkilata sədrlik etməklə, öz yumşaq gücünü və öz qlobal geosiyasi “rıçaqlarını” bu regiona da proyeksiya etmək qabiliyyətində olduğunu təsdiq etdi”.

Nigar Həsənli
Musavat.com

Seçilən
5
musavat.com

1Mənbələr