AZ

Kriptovalyutalar ABŞ-də mövqelərini bərpa edir, lakin investorlar hələ də qızıla üstünlük verirlər – ARAŞDIRMA

Bakı, 20 aprel, AZƏRTAC

ABŞ-də kriptovalyutalara maraq bir neçə aydan sonra yenidən artmağa başlayıb, lakin pərakəndə investorların əksəriyyəti hələ də vəsaitlərini rəqəmsal aktivlərə deyil, qızıla və səhmlərə yatırmağa üstünlük verir.

AZƏRTAC “Investing” nəşrinə istinadla xəbər verir ki, bu barədə “Deutsche Bank” tərəfindən ABŞ, Böyük Britaniya və Avropa İttifaqı ölkələrində 3400 istehlakçı arasında aparılmış yeni sorğuda bildirilir.

Araşdırmaya görə, mart ayında ABŞ-də kriptovalyutalardan istifadə səviyyəsi fevraldakı 7 faiz minimumundan sonra 12 faizə yüksəlib. Bu artım bitkoinin qiymətinin mülayim yüksəlməsi və ABŞ-də “bitkoin-ETF”lərə təxminən 1,3 milyard dollar həcmində vəsait axını fonunda baş verib.

Böyük Britaniyada kriptovalyutalara maraq bir qədər azalaraq 9 faizə enib, lakin adi səviyyədən yüksək olaraq qalır. Avropa İttifaqı ölkələrində isə bu göstərici 7 faiz səviyyəsində sabit qalıb.

Hesabatda qeyd olunur ki, bu ilin birinci rübündə kriptovalyuta bazarı iqtisadi qeyri-sabitlik və geosiyasi risklər səbəbindən təzyiq altında olub. Bu müddətdə bitkoin 22 faiz ucuzlaşıb, lakin mart ayında vəziyyət tədricən yaxşılaşmağa başlayıb.

Buna baxmayaraq, ABŞ, Böyük Britaniya və Avropada sorğuda iştirak edənlərin əksəriyyəti yaxın bir–üç il üçün investisiya seçərkən bitkoinə deyil, qızıla və ya S&P 500 indeksinə üstünlük verəcəklərini bildiriblər.

Avropa İttifaqında respondentlərin 37 faizi qızılı seçib, Böyük Britaniyada bu göstərici 35 faiz təşkil edir. ABŞ-də üstünlüklər demək olar ki, bərabər bölünüb: respondentlərin 26 faizi qızılı, 24 faizi bitkoini, 29 faizi isə S&P 500 indeksini seçib.

Bununla belə, bitkoin ən populyar kriptovalyuta olaraq qalır. Bütün regionlarda rəqəmsal aktiv sahiblərinin təxminən 70 faizi məhz bitkoin saxlayır, “Ethereum” və “Tether”, “USDC” kimi steyblkoinlər isə xeyli daha az seçilir.

Bitkoin həmçinin kriptovalyutalara gələcək investisiyalar üçün əsas seçim olaraq qalır, belə ki, ABŞ-də sorğuda iştirak edənlərin 69 faizi, Böyük Britaniyada 56 faizi, Avropa İttifaqında isə 53 faizi onu seçib.

Eyni zamanda, sorğu iştirakçıları bitkoinin artım perspektivlərini ehtiyatla qiymətləndirirlər. Respondentlərin əksəriyyəti ilin sonuna onun qiymətinin necə olacağını proqnozlaşdıra bilməyib, proqnoz verənlər arasında isə əksəriyyət dəyərin hazırkı təxminən 75 min dollar səviyyəsindən aşağı düşəcəyini gözləyir.

ABŞ-də sorğuda iştirak edənlərin yalnız 3 faizi bitkoinin yenidən 120 min dollar rekord səviyyəsinə çata biləcəyini hesab edir. Avropa İttifaqında bu fikirdə olanların payı 1 faiz, Böyük Britaniyada isə 4 faiz təşkil edir.

 

Seçilən
21
azertag.az

1Mənbələr