AZ

Yeni Zelandiyanın paytaxtında fövqəladə vəziyyət

Yeni Zelandiyanın paytaxtı Vellinqton şəhərində güclü yağışlar nəticəsində ciddi daşqınlar baş verib və şəhərdə fövqəladə vəziyyət elan olunub.

“The İndependent” nəşrinin məlumatına görə, şəhər meri bildirib ki, bir saatdan az müddətdə təxminən 77 millimetr yağış düşüb. Bu, rekord səviyyədə güclü yağış sayılır. Onun sözlərinə görə, belə bir vəziyyət heç vaxt görülməyib.

Yağışlar nəticəsində bir çox evləri su basıb, yollar bağlanıb və bəzi yerlərdə torpaq sürüşmələri baş verib. Xüsusilə, Nyutaun, İsland Bay və Kinqston bölgələrində ciddi ziyan qeydə alınıb. Rəsmilər müəyyən ərazilərdə yaşayan insanlara evlərini tərk etməyi tövsiyə ediblər. Təcili yardım xidmətləri artıq 150-dən çox hadisəyə müdaxilə edib. Dövlət rəsmiləri əhaliyə xəbərdarlıq edərək bildiriblər ki, daşqın sularına yaxınlaşmaq, içindən keçmək və ya avtomobillə keçməyə cəhd etmək həyati təhlükə yaradır. Bəzi bölgələrdə bir nəfərin itkin düşdüyü də bildirilir və axtarışlar davam edir. 

Meteoroloqlar yaxın günlərdə daha çox yağışın gözlənildiyini və vəziyyətin hələ də təhlükəli olduğunu deyirlər. Bu səbəbdən bir neçə məktəb bağlanıb, bəzi yollar isə keçilməz hala düşüb. Mütəxəssislər bildirirlər ki, belə güclü və qısa müddətli yağış iqlim dəyişikliyi səbəbindən daha tez-tez baş verə bilər.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
16
azerbaijan-news.az

1Mənbələr