Alimlərin araşdırmalarına görə, insanların təxminən 1 faizdən 4 faizə qədəri “sinesteziya” adlanan nadir nevroloji xüsusiyyətə malikdir. Bu vəziyyətdə bir duyğu orqanının aktivləşməsi digər, adətən əlaqəsiz olan duyğunu da işə salır. Məsələn, bəzi insanlar musiqi dinləyərkən rənglər görə və ya sözləri dad kimi hiss edə bilirlər.
Sinesteziyası olan şəxslər “sinaestetlər” adlanır. Bu hal xəstəlik sayılmır və əksər hallarda gündəlik həyata mane olmur. Bir çox insan isə bu xüsusiyyətə sahib olduğunu belə fərq etmir, çünki dünyanı bu şəkildə qəbul etmək onlar üçün normaldır.
Sinesteziyanın müxtəlif növləri mövcuddur. Ən geniş yayılmış formalardan biri səslərin rəng kimi qavranılmasıdır. Digər bir növdə isə insanlar hərfləri və rəqəmləri müəyyən rənglərlə əlaqələndirirlər. Bəzi hallarda isə başqasına toxunulduğunu görən insan bunu öz bədənində hiss edir. Elm adamları bu məfhumun səbəbini tam olaraq müəyyən edə bilməsələr də, iki əsas ehtimal irəli sürülür. Birinci nəzəriyyəyə görə, sinesteziyası olan insanların beynində müxtəlif sahələr arasında daha çox əlaqə mövcuddur. İkinci nəzəriyyə isə həmin insanların beyin fəaliyyətinin fərqli şəkildə işlədiyini irəli sürür.
Araşdırmalar göstərir ki, sinesteziya yaradıcı sahələrdə çalışan insanlar arasında daha geniş yayılıb. Bəzi mütəxəssislər bunun səbəbini fərqli düşünmə və qeyri-adi assosiasiyalar qurmaq qabiliyyəti ilə əlaqələndirirlər. Mütəxəssislərin fikrincə, sinesteziya beynin dünyanı necə qavradığını anlamaq üçün mühüm ipucları verir və göstərir ki, hər kəs ətraf aləmi eyni şəkildə hiss etmir.
Təhminə VERDİYEVA,
“Azərbaycan”