AZ

Putin bu dəfə “Radev kartı”nı işə saldı-Rusiya Macarıstan məğlubiyyətini bu ölkə ilə sığortaladı

Bolqarıstanın keçmiş prezidenti Rumen Radevin rəhbərlik etdiyi siyasi qüvvənin ölkədə baş tutan növbədənkənar parlament seçkilərində önə çıxması diqqətləri cəlb edib. Sözsüz ki, bu, təkcə ölkənin daxili siyasəti üçün deyil, bütövlükdə Avropa üçün yeni suallar doğurur.

Son illərdə Macarıstan kimi ölkələrdə Rusiyaya yaxın münasibətlərə meylli qüvvələrin zəiflədiyi müşahidə olunduğu halda, indi Bolqarıstanda fərqli mənzərə yaranıb.

Bolqarıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bülletenlərin təxminən 80%-i sayıldıqdan sonra Radevin rəhbərlik etdiyi mərkəz-sol alyans səslərin 44,48%-ni toplayıb. Mərkəzçi "Dəyişikliyə Davam Et" partiyası 13,65% səslə ikinci yerdədir. Ondan sonra sabiq Baş nazir Boyko Borisovun rəhbərlik etdiyi GERB-SDS koalisiyası 13,2% səslə gəlir. Hüquqlar və Azadlıqlar Uğrunda Hərəkat (5,84%) və Dirçəliş (4,4%) də parlamentə daxil olmaq üçün tələb olunan 4%-lik həddi keçib.

Bu nəticə “Moskva Avropada uduzur” tezisini sual altına salmaqla yanaşı, Kremlin bəzi istiqamətlərdə hələ də təsir imkanlarını qoruyub saxladığını göstərir. Görünən odur ki, seçki kampaniyası dövründə Rumen Radevin Rusiya ilə dialoqu bərpa etmək, Ukraynaya hərbi dəstəyə qarşı çıxmaq və daha praqmatik xarici siyasət yürütmək çağırışları cəmiyyət daxilində ciddi dəstək qazanıb. Hər halda qeydə alınan son nəticələr bunu deməyə əsas verir.

Bolqar seçicisi niyə məhz bu mesajlara üstünlük verdi?

Digər tərəfdən, bu nəticələr Avropa İttifaqı daxilində siyasi balansın necə dəyişəcəyi ilə bağlı da müzakirələri gücləndirir. Radev hakimiyyətə gəldiyi təqdirdə, onun əvvəlki mövqelərini davam etdirib-etdirməyəcəyi, yoxsa Brüsselin təzyiqləri fonunda daha ehtiyatlı xətt seçəcəyi əsas suallardan biri olacaq. Beləliklə, Bolqarıstandakı seçki nəticələri təkcə bir ölkənin seçimi deyil, həm də Rusiya-Qərb qarşıdurmasının Avropadakı yeni mərhələsinin siqnalıdır.

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Musavat.com-a açıqlamasında diqqətlərə çatdırdı ki, Bolqarıstandakı siyasi dinamikanı qiymətləndirərkən əsas diqqəti təkcə bir liderin və ya siyasi qüvvənin yüksəlişinə deyil, daha geniş kontekstdə Avropa İttifaqı daxilində artan strateji parçalanma tendensiyasına yönəltmək daha düzgün olar: “Bolqarıstan kimi ölkələr uzun müddətdir ki, həm Avropa İttifaqı strukturları, həm də regional geosiyasi təsirlər arasında balans saxlamağa çalışır. Rumen Radev ətrafında formalaşan siyasi xəttin önə çıxması da bu balans axtarışının nəticəsi kimi qəbul oluna bilər. Burada əsas məsələ seçicilərin niyə Rusiya ilə dialoqa açıq mesajlar verən siyasi ritorikaya üstünlük verməsi ilə bağlıdır. Bunun bir neçə paralel səbəbi var. Birincisi, qeyd olunduğu kimi enerji amilidir. Bolqarıstan tarixən enerji resursları baxımından xarici təchizatdan asılı ölkədir və xüsusilə qaz və elektrik qiymətlərindəki dəyişikliklər birbaşa sosial narazılıq yaradır. Bu şəraitdə stabil enerji və qiymətlərin ucuzlaşdırılacağına dair vədlər siyasi baxımdan təbii olaraq daha cəlbedici görünür.

Digər narahatlıq iqtisadi narahatlıqlar və sosial rifah məsələsidir. Ukrayna müharibəsindən sonra Avropada ümumi iqtisadi təzyiq artıb və bu da bir çox ölkələrdə seçicilərin geosiyasi ideallardan daha çox gündəlik həyatla bağlı prioritetlərini önə çıxarmasına səbəb olub. Yəni başqa sözlə desək Bolqarıstanda seçici davranışı ideoloji deyil, daha çox praktik ehtiyaclara əsaslanır.

Daha bir faktor isə tarixi və mədəni yaddaşdır. Balkan regionunda Rusiya ilə bağlı tarixi əlaqələr və pravoslav mədəni yaxınlıq bəzi cəmiyyətlərdə hələ də siyasi simpatiya yarada bilir. Bu, avtomatik olaraq strateji oriyentasiyanı dəyişməsə də, siyasi diskursda təsirli element kimi qalır.

Baş verənlər onu göstərir ki, Rusiya bəzi ölkələrdə təsir imkanlarını itirsə də, digərlərində dolayı təsir kanallarını qoruyur. Bu təsir birbaşa siyasi nəzarət formasında yox, daha çox enerji, informasiya siyasəti və iqtisadi əlaqələr vasitəsilə özünü göstərir. Yəni bu, simmetrik olmayan, dəyişkən bir təsir modelidir”.

Politoloq hesab edir ki, əgər Rumen Radev xəttinin güclənməsi real siyasi hakimiyyətə çevrilsə, burada əsas məsələ onun manevr imkanları olacaq: “Bir tərəfdən Brüssel ilə inteqrasiya və Avropa İttifaqı öhdəlikləri, digər tərəfdən isə daxili ictimai rəy və regional enerji reallıqları arasında balans yaratmaq lazım gələcək. Bu isə tam olaraq kurs dəyişikliyi yox, daha çox balanslı siyasət aparmaqla nəticələnə bilər.

Ümumiyyətlə isə Rusiya–Qərb qarşıdurması kontekstində Bolqarıstan kimi ölkələrin rolu daha çox tərəf seçmək deyil, riskləri idarə etmək üzərində qurulur. Yəni belə dövlətlər böyük güclər arasında açıq geosiyasi bloklaşmadan çox, çevik diplomatik manevr axtarırlar. Odur ki, mən Bolqarıstandakı seçki nəticələrinə Avropada Rusiyanın yenidən güclənməsi kimi yox, Avropa İttifaqı daxilində artan daxili siyasi müxtəlifliyin və fərqli yanaşmaların güclənməsi kimi baxmağın tərəfdarıyam”.

 

Cavanşir ABBASLI
Musavat.com

Seçilən
55
musavat.com

1Mənbələr