Almaniyada avtomobil sənayesində köklü dəyişikliklər başlayır.
Musavat.com xəbər verir ki, The Wall Street Journal (WSJ) nəşrinin yaydığı məlumata görə, ölkə ixrac modelindəki böhran fonunda avtomobil istehsalından silah sənayesinə keçidi sürətləndirir və sənaye geriləməsini müdafiə sektorunda artıma çevirməyə çalışır.
Bildirilir ki, bu transformasiya Rusiyanın Ukraynaya müdaxiləsi fonunda baş verən eskalasiyadan sonra başlayıb. Alman şirkətləri hərbi sifarişlərə yönəlməklə həm iqtisadi tənəzzülü kompensasiya etməyə, həm də yeni gəlir mənbələri yaratmağa çalışır.
Məlumata görə, Volkswagen İsraillə “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemi üçün komponentlərin istehsalı ilə bağlı danışıqlar aparır. Digər tərəfdən, Schaeffler artıq pilotsuz uçuş aparatları üçün mühərriklər və hərbi aviasiya üçün hissələr istehsal edir.
Analitiklər bildirirlər ki, Almaniya iqtisadiyyatı İkinci Dünya Müharibəsi dövründən bəri ən uzunmüddətli durğunluq mərhələsini yaşayır. Bu vəziyyətə Çinlə artan rəqabət və qlobal bazarlarda tələbin azalması səbəb olub.
Eyni zamanda, iri avtomobil istehsalçılarının maliyyə göstəriciləri də kəskin pisləşib. Mercedes-Benz şirkətinin mənfəəti 2025-ci ildə 49%, Volkswagen 44% azalıb, Porsche isə əməliyyat mənfəətində 98%-lik eniş qeydə alıb.
Musavat.com