AZ

Alimlər sinesteziya fenomenini izah edir: bəzi insanlar hərflərin “dadını” hiss edir

Alimlər insan beynində nadir rast gəlinən Sinesteziya adlı nevroloji xüsusiyyətin bəzi insanlarda hərfləri, səsləri və ya rəqəmləri fərqli hisslərlə "qavramağa" səbəb olduğunu bildirir.

Day.Az xəbər verir ki, araşdırmalara görə, dünya əhalisinin təxminən 1-4%-də müşahidə olunan bu fenomen zamanı bir duyğunun aktivləşməsi digər, adətən əlaqəsiz olan duyğunu da işə salır.

Məsələn, bəzi insanlar səsləri eşidərkən rənglər görür, digərləri isə hərfləri "dad" kimi hiss edə bilir.

Sinesteziyanın müxtəlif növləri mövcuddur. Bunlara səslərin rənglərlə əlaqələndirildiyi eşitmə-vizual sinesteziya, hərflərin və rəqəmlərin müəyyən rənglərlə qavranıldığı qrafema-rəng sinesteziyası, həmçinin başqasına toxunma zamanı həmin hissin öz bədənində hiss edildiyi "güzgü toxunma" sinesteziyası daxildir.

Bu təcrübələr insan tərəfindən idarə olunmur və adətən sabit qalır - yəni eyni hərf və ya səs uzun illər boyu eyni hisslə əlaqələndirilir.

Alimlər fenomenin səbəbləri ilə bağlı iki əsas nəzəriyyə irəli sürür. Birincisi, Sinaptik budama prosesinin fərqli getməsi nəticəsində beynin müxtəlif sahələri arasında əlavə əlaqələrin qalması ilə bağlıdır.

Digər nəzəriyyəyə görə isə bütün insanlarda mövcud olan neyron əlaqələr sinestetlərdə daha aktiv işləyir. Tədqiqatlar göstərir ki, sinesteziya zərərli deyil və bəzi hallarda yaradıcı düşüncə, yaddaş və təsəvvür qabiliyyətinin güclənməsi ilə əlaqələndirilir.

Seçilən
85
day.az

1Mənbələr