AZ

BEA: İran münaqişəsi qlobal enerji xəritəsini yenidən formalaşdıra bilər

Bakı, 21 aprel, AZƏRTAC

Yaxın Şərqdəki münaqişə və Hörmüz boğazı ətrafındakı böhran qlobal enerji xəritəsinin yenidən formalaşmasına səbəb ola bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol bildirib.

“Hörmüz boğazı əvvəlki etibarlığını itirib. Hazırkı böhran qlobal enerji xəritəsinin yenidən çəkilməsinə gətirib çıxara bilər. Qlobal iqtisadiyyatın tək bir boğazdan asılı olduğu dövr tezliklə keçmişdə qalacaq. Sabah hər şey normal vəziyyətə qayıtsa belə, yüksək qiymətlər və bazar dəyişkənliyinin uzunmüddətli təsirləri qalacaq”, – deyə “Dünya” biznes qəzeti Birolun sözlərini sitat gətirir.

Onun sözlərinə görə, Yaxın Şərqdə gərginliyin artması qlobal enerji bazarlarında yalnız müvəqqəti dalğalanmalar deyil, daha dərin struktur dəyişiklikləri yaradır. O xatırladıb ki, mart ayında Beynəlxalq Enerji Agentliyi bazarı sabitləşdirmək və regiondakı gərginliyin yaratdığı təchizat fasilələrini kompensasiya etmək üçün strateji ehtiyatlardan 400 milyon barel neftin buraxılacağını açıqlayıb.

“Bu, bütün dünya üçün bir növ sığortadır. Daha çətin vəziyyətlərlə üzləşsək, bu ehtiyatlardan istifadəni davam etdirə bilərik”, – deyə Birol bildirib.

BEA rəhbərinin fikrincə, enerji bazarlarında sabitliyin bərpası üçün ən azı iki il tələb olunacaq.

“Hörmüz boğazı sabah yenidən açılsa belə, müharibədən əvvəlki vəziyyətə qayıtmaq üçün xeyli vaxt, bərpa prosesi və ciddi kapital qoyuluşları lazımdır. Hesablamalarımıza görə, bu proses minimum iki il davam edəcək. Bu isə enerji idxal edən ölkələr üçün olduqca çətin dövr olacaq. Bazar vəziyyətini dərhal düzəldə biləcək “sehrli çubuq” yoxdur”, – deyə ekspert vurğulayıb.

Seçilən
14
1
azertag.az

2Mənbələr