İspaniya-Misir arxeoloji ekspedisiyası Minya əyalətindəki qədim Oksirinx şəhəri ərazisində maraqlı kəşfə imza atıb. Roma dövrünə aid nekropolda aparılan qazıntılar zamanı mumiyanın içərisində Homerin "İliada"sının mətni olan papirus fraqmenti aşkarlanıb.
Hafta.az xəbər verir ki, bu barədə "Arkeonews" jurnalı xəbər yayıb.
Alimlər qızıl dilli amuletlərə malik mumiyaların və müxtəlif dəfn əşyalarının tapıldığı nekropolu tədqiq ediblər. Tədqiqatçıların bildirdiyinə görə, tapılan fraqment "İliada"nın ikinci kitabına - Troyaya yollanan yunan qüvvələrinin siyahıya alındığı "Gəmilərin kataloqu"na aiddir.
Qeyd edək ki, dəfn mərasimi kontekstində belə ədəbi tapıntılara son dərəcə nadir hallarda rast gəlinir.
Misirin Ali Qədim Əsərlər Şurasının baş katibi Hişam əl-Leyti qeyd edib ki, bu kəşf bölgənin elmi cəhətdən öyrənilməsinə yeni çalarlar qatır:
"Bu, Oksirinxdəki yerli elitanın yalnız yunan mədəniyyətinin təsiri altında olmadığını, həm də onun ədəbi ənənələri ilə fəal şəkildə qarşılıqlı əlaqədə olduğunu sübut edir".
Alimlər ehtimal edirlər ki, papirusun məqsədyönlü şəkildə mumiyanın içinə yerləşdirilməsi təsadüfi deyil. Bu, ədəbiyyatın axirət həyatı və ya şəxsi kimlik anlayışları ilə əlaqələndirildiyini göstərə bilər. Tapıntının gələcək tədqiqi Roma dövrü Misirində yunan ədəbiyyatının yayılması və təhsil səviyyəsini daha dərindən anlamağa imkan verəcək.