BAKI,TurkicWorld, Orxan Qədirzadə
İran Xarici İşlər Nazirliyi ABŞ ordusunun “Toska” gəmisinə hücum etdiyini bildirərək kəskin etirazını açıqlayıb.
TurkicWorld xəbər verir ki, İran XİN-in yaydığı bəyanatda ABŞ hərbçilərinin İran bayrağı altında üzən “Toska” gəmisinə hücum etdiyi və ekipaj üzvlərini saxladığı iddia olunur.
Rəsmi Tehran bu hadisəni “dəniz quldurluğu”, “terror aktı” və eyni zamanda mövcud atəşkəs rejiminin kobud şəkildə pozulması kimi qiymətləndirib. Bildirilib ki, gəminin və heyətin saxlanılması regionda gərginliyi daha da artıracaq ciddi addımdır.
İran tərəfi ABŞ-ı mümkün ağır nəticələr barədə xəbərdar edərək “Toska” gəmisinin və onun heyətinin dərhal azad edilməsini tələb edib. Bəyanatda qeyd olunub ki, İran öz milli maraqlarını, təhlükəsizliyini və xalqının ləyaqətini qorumaq üçün bütün imkanlarını səfərbər edəcək.
Eyni zamanda vurğulanıb ki, regionda vəziyyətin pisləşməsinə görə bütün məsuliyyət ABŞ-ın üzərinə düşür.