AZ

Qəsəbəmiz yağış yağanda keçilməz olur

Yaşadığımız Məhsəti qəsəbəsi Gəncənin yeni qəsəbələrindəndir. Burada son illər bir sıra infrastruktur layihələri həyata keçirilmişdir ki, bu da sakinlər tərəfindən razılıqla qarşılanmışdır. 

Ancaq nədənsə qəsəbə salınarkən yağış sularının axıdılması üçün kollektorun inşası unudulub. Doğrudur, qəsəbədə 400 metrlik drenaj xətti çəkilib. Lakin xətt keyfiyyətsiz çəkildiyindən yağış yağanda küçələr suyun altında qalır. Nəticədə sakinlər əziyyət çəkməli olurlar. İstər böyüklər, istərsə də məktəbə gedən uşaqlar evdən bayıra çıxa bilmirlər. Hətta qəsəbəmizə təcili yardım maşınları gəlməkdən imtina edirlər. 

Bu günlər yağan leysan yağışları qəsəbəmizi yenə suya qərq etdi. Küçələr keçilməz vəziyyətə düşdü. Demək olar ki, qəsəbədə həyat dayandı. Evləri su basdı və insanlar xeyli ziyana düşdülər. 

Hörmətli redaksiya! Xahiş edirik, qəsəbə sakinlərinin bu problemdən azad olunmasına yardımçı olasınız, səsimizi əlaqədar qurumlara çatdırasınız.     

Natiq CƏFƏROV,

Gəncə şəhərinin Məhsəti qəsəbə sakini

Seçilən
25
azerbaijan-news.az

1Mənbələr