AZ

Özəlləşdirmə çekləri: media rəhbərlərindən rəsmi orqanlara səsləniş

Ayna saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Məsul qurumlar özəlləşdirmə çekləri əlində qalan vətəndaşların statistikasını aparmalı və əhaliyə dəymiş zərərin ödənilməsinə qərar verməlidir”

Məlum olduğu kimi, SSRİ-nin dağılması ilə Azərbaycan sosialist rejimindən çıxaraq müstəqilliyini əldə etdi. Nəticədə Azərbaycan Respublikasında olan nəhəng dövlət əmlakının (mülkiyyətinin) onun həqiqi sahibi olan vətəndaşlara (xalqa) əvəzsiz qaydada verilməsi məsələsi gündəmə gəldi. Çünki SSRİ-dəki əmlak xalqın mülkiyyəti idi.

1990-cı illərin 1-ci yarısında dövlət əmlakının bir hissəsinin dövlət özəlləşdirmə payları kimi vətəndaşların mülkiyyətinə verilməsi qərara alındı. Tarixi ədalətin təmin olunması üçün qanunlar qəbul edildi və bu qanunla dövlət əmlakının, dövlət özəlləşdirmə payları kimi xalqa verilməsi mexanizmi quruldu.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında özəlləşdirmə qanunvericiliyi digər postsovet ölkələrində baş vermiş hüquqi pozuntular nəzərə alınmaqla daha yüksək hüquqi təminatlarla qəbul edildi. Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi nəticəsində Azərbaycan qanunvericiliyi daha dəqiq və hüquqi baxımdan daha güclü şəkildə formalaşdırıldı və özəlləşdirmə haqqında qanunun özündə özəlləşdirmə paylarının (çeklərinin) dövlət əmlakının özəlləşdirilməsində ödəmə vasitəsi olduğu birbaşa təsbit edildi.

Belə olan halda, qanunla vətəndaşlara verilmiş hüququn sonradan qanundan aşağı hüquqi qüvvəyə malik olan normativ aktlarla, xüsusilə icra hakimiyyəti orqanlarının fərmanları ilə faktiki olaraq ləğv edilməsi hüquqi dövlət prinsipinə ziddir. Sonradan həmin qanunvericiliyin icra olunmaması və icrasının aşağı hüquqi qüvvəli aktlarla məhdudlaşdırılması Konstitusiyanın aliliyi prinsipinin pozulmasıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə əsasən, Konstitusiya ən yüksək hüquqi qüvvəyə malikdir və qanunlar digər normativ aktlardan üstündür. İcra hakimiyyəti orqanlarının aktları qanunlara zidd ola bilməz. Dövlət Özəlləşdirmə Payları və Dövlət Özəlləşdirmə Çekləri ilə bağlı hüquqi gözləntinin kompensasiya ödənilmədən aradan qaldırılması mülkiyyət hüququnun pozulması hesab olunur və Konstitusiyanın 29-cu maddəsinə ziddir. Nəticə olaraq, dövlət tərəfindən verilmiş mülkiyyət hüququnun qanundan aşağı hüquqi aktlarla faktiki olaraq aradan qaldırılması hüquqi dövlət prinsipinin, Konstitusiyanın aliliyinin və mülkiyyət hüququnun pozulmasıdır.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin xalqa vədinə və qanunun aliliyinə inanıb özəlləşdirmə çeklərini ümidlə saxlayan vətəndaşlar (686 iddaçı və 3500-dən çox 3-cü şəxs) 2024-2025-ci illərdə Bakı İnzibati Məhkəməsinə, sonradan Bakı Apellyasiya Məhkəməsinə və Ali Məhkəməyə ərizə ilə müraciət edib. Lakin məhkəmələr qanunları və Konstitusiyanı pozaraq işi araşdırmaqdan imtina edib.

Gəlin QANUNla olan normalara baxaq:

İddia ərizəsinin predmetini mülkiyyət hüququnun pozuntusu təşkil edir və bu pozuntulara iddia müddəti şamil olunmur. Məhz Mülki Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri – iddia müddətinin şamil edilmədiyi tələblərdən biridir. Bu norma imperativ normadır.

Bundan başqa “İnzibati icraat haqqında” Qanunun 67.11-ci maddəsində deyilir ki, “maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır”.

Məhz həmin elan dərc olunandan sonra 1 illik kompensasiya tələb edilmə müddəti işləməyə başlayır. Lakin məlum olduğu kimi, bu barədə qanunla imperativ qaydada tələb edilən elan mətbuatda dərc olunmayıb. Hətta, 2017-ci ildə Qanunla özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılmasına cavabdeh dövlət orqanı olan AR Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən rəsmi olaraq bildirilib ki, 75 N-li Fərmanın 1.1 bəndinə uyğun olaraq 01.01.2011-ci ilə qədər özəlləşdirmədə ödəmə-tədiyyə vasitəsi kimi istifadə edilməyən çeklərin dövriyyədən çıxarılması qaydaları hazır olmadığı üçün gələcəkdə dövriyyədən çıxarılacaq. Və bu günə qədər bu barədə heç bir rəsmi ELAN olmayıb.

Başqa bir ifadə ilə 1 illik kompensasiya tələb edilmə müddəti işləməyə başlamadığı kimi, heç 1 illik müddət də bitməyib. Məhkəmələr tərəfindən iddiaçıların 10 və ya 1 illik iddia müddətini ötürdüklərinin qəbul edilməsi - məhkəmənin işi obyektiv və hərtərəfli araşdırmadığını, qanuni və əsaslı məhkəmə qərarı qəbul etmədiyini, ədalətli məhkəmə araşdırması hüququnun və qanunla qorunan mülkiyyət hüququnun pozulduğunu təsdiq edir.

Məhz Ali Məhkəmənin qərarının 51-ci bəndində açıq aydın yazılır ki, “Dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyədən çıxarılması” Qaydalarının hüquqi normativ akt ilə təsdiqlənməməsi halında, eləcə də, həmin çeklərin dövriyyədə olması qəbul edilsə belə, onların istifadə müddətinin bitməsi barədə maddi hüquqi norması mövcuddur”.

Ali Məhkəmə öz qərarının 51-ci bəndi ilə dövlət özəlləşdirmə çeklərinin (DÖÇ) hələ də dövriyyədə olduğunu inkar etmədi, lakin Mülki Məcəllənin 384.0.5-ci madəsinin xüsusi hüquq norması olduğunu və bu normanın ümumi normadan üstün olduğunu bilə-bilə, vətəndaşlara qarşı ədalətsiz qərar çıxardı.

Bundan başqa, ərizəçilər məhkəmələrə vəsatət ilə bildiriblər ki, 2004-cü ilə qədər heç bir qanunvericilik aktı DÖÇ-lərin tədiyyə (ödəniş) vasitəsi kimi istifadə müddətini məhdudlaşdırmayıb, lakin Ulu Öndər Heydər Əliyevin vəfatından 6 ay sonra PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev və oliqarx məmurların xəyanət və cənab Prezidentin etibarından sui-istifadəsi nəticəsində, 2004-cü ildə qəbul edilən 75 saylı fərman ilə bu müddət məhdudlaşdırıldı. Həmin vaxt və bu gün də qüvvədə olan 2000-ci il tarixli 878-IQ saylı Qanunun 10-cu maddəsinə görə, “Dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəmə vasitəsi Azərbaycan Respublikasının tədiyyə vasitəsi - manat və qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət özəlləşdirmə payları (çekləri) hesab olunur”.

Göründüyü kimi, 75 saylı Fərman 2000-ci il tarixli 878-IQ saylı Qanunun 10-cu maddəsinə ziddir. Bunun Konstitusiya Məhkəməsi tərəfindən yoxlanılması və işin Konstitusiya Məhkəməsinə göndərilməsi tələb olundu. Lakin məhkəmələr bu ziddiyyəti və onun hüquqi nəticələrini araşdırmadığı kimi, işi Konstitusiya Məhkəməsinə də göndərmədi. Ancaq tək hakimlər deyil, bütün ziyalılar gözəl bilir ki, normativ aktların iyerarxiyası Konstitusiya ilə müəyyən olunub və bu gün qüvvədə olan Özəlləşdirmə Qanununun 10-cu maddəsi ilə çeklər ödəmə vasitəsi olmalıdır – yəni özəlləşdirmə çekləri öz hüquqi quvvəsini itirməyib.

Bu fakt birmənalıdır ki, FƏRMAN QANUNU ləğv edə bilməz!

(HÜQUQİ ƏSASLANDIRMA VƏ FAKTLARA DİQQƏT)

Özəlləşdirmə çekləri istifadə edilmədən, 2011-ci ildən sonra milyonlarla dollar dəyəri olan iri müəssisələr özəlləşdirildi. Prosesin bu işdə maraqlı olan və Ramiz Mehdiyevə yaxın oliqarx məmurlar tərəfindən aparıldığı şübhə doğurmur.

Cənab Prezident hüquqşünas deyil. Çox maraqlı haldır ki, bütün deputatlar Qanun maddəsinin Fərmanla dayandırılmasının qanunlara və Konstitusiyaya TAM ZİDD olduğunu bildirirlər – ancaq bu barədə cənab Prezidentə birbaşa Milli Məclis adından müraciət etmirlər.

Bu səbəbdən Ulu Öndər Heydər Əliyevin xalqa vədinə və qanunun aliliyinə inanıb özəlləşdirmə çeklərini ümidlə saxlayan onminlərlə ailə adından Milli Məclisə çoxsaylı müraciətlər edilir. Çek sahiblərinin deputatlara müraciətlərində bildirilir ki, yüzminlərlə vətəndaşın hüquqlarının əlindən alınmasına təcili diqqət yetirilməli və yardım olunmalıdır. Haqqı pozulan vətəndaşlar Milli Məclis üzvlərinə müraciətlərində özəlləşdirmə çeklərinin dövriyyədə ola-ola Tədiyyə-Ödəmə vasitəsi kimi istifadə müddətinin bitməsinin niyə qanunsuz olduğunu hüquqa uyğun şəkildə izah edirlər. Qeyd edilir ki, Milli Lider Heydər Əliyev dəfələrlə AzTV-dən xalqa müraciət edərək Özəlləşdirmə Çeklərini Tədavül vasitəsi kimi satmamağı - onlardan Tədiyyə-Ödəmə vasitəsi kimi istifadə edərək özəlləşdirmədə iştirak etməyi məsləhət görürdu. Hətta deyirdi ki, 10,15 -20 il kecməsindən aslı olmayaraq hər bir vətəndaş öz əmlak payını almalıdır. Deputatlardan xahiş olunur ki, Prezidentə məsələni doğru-düzgün formada çatdırsınlar, Nazirlər Kabinetindən, Konstitusiya Məhkəməsindən, bütün aidiyyəti dövlət orqanlarından vətəndaşların hüquqlarının bərpasını tələb etsinlər.

Milli Məclis üzvləri də vətəndaşların müraciətlərinə reaksiya verir, əhalinin tələbini haqlı sayır, insanların pozulan hüquqlarının bərpasının vacibliyini bəyan edirlər. İndiyədək haqq-ədaləti dəstəkləyən, hökuməti qanunun aliliyinin təmin edilməsinə çağıran və haqlı vətəndaşların mövqeyini müdafiə edən deputatların sayı 60 nəfərdən çoxdur.

Ümumiyyətlə, çek sahiblərinin tələblərinin tam qanuni olması və haqlarının bərpasının vacibliyi barədə illər boyu müxtəlif sahələr üzrə tanınmış şəxslər - elm və mədəniyyət xadimləri, hüquqşünaslar, iqtisadçılar, siyasətçilər, ictimaiyyət fəalları tərəfindən fikirlər səsləndirilib, müvafiq qurumlara çağırışlar edilib. Son illər ərzində mövzuya dair mövqelərini AYNA.AZ-a açıqlayan bir sıra media qurumları rəhbərlərinin, tanınmış jurnalistlərin fikirlərindən xülasələri təkrar oxucuların diqqətinə çatdırırıq.

Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid:

“Özəlləşdirmə çeklərinin tədavül müddətinin artırılması labüddür. Sosial mediada özəlləşdirmə çeki əlində qalan vətəndaşların səhifəsi fəaliyyət göstərir. Mən də bu səhifənin izləyicisiyəm. Özəlləşdirmə çekləri ilə bağlı ölkə ziyalılarının, eləcə də çeki əlində qalan vətəndaşların müraciətlərindən xəbərdaram. Mənim və ailə üzvlərimin də özəlləşdirmə çekləri bu günə qədər qorunub saxlanılır. Hesab edirəm ki, yüzminlərlə vətəndaşın hüquqları təmin edilməli və müvafiq qurumlar bu istiqamətdə hərəkətə keçməlidir.

Bu, dövlətin vətəndaşa ayırdığı əvəzsiz paydır və vətəndaşın hüququ var ki, bu paydan maneəsiz istifadə etsin. Qanunvericilikdə bununla bağlı məqamlar var. Orada çeklərin gələcək taleyinə də aydınlıq gətirilib. Ulu Öndər Heydər Əliyevin özəlləşdirmə çekləri ilə bağlı fərmanına və bununla bağlı qanunvericiliyə istinad olunmalı, bu xüsusda ya tədavül müddətinin artırılması, ya da kompensasiya ödənilməsi şəklində bu prosesə məntiqi yekun vurulmalıdır”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı:

“Açığını desəm, şəxsimə və ailə üzvlərimə məxsus çekləri istifadə edib-etmədiyimizi xatırlamıram, dəqiq xatirimdə deyil. Bu çeklərlə bağlı gözləntilər böyük idi. Bəziləri bu çekləri dövlət mülkiyyətinə aid olan müəssisələrə yerləşdirdi, bəziləri “qara bazar”da mübadilə etdi, bəziləri isə hələ də qoruyur.

Yaxşı olar ki, çeklərin tədavül müddəti artırılsın. Bunun yalnız faydası ola bilər. Çünki onminlərlə vətəndaşın vauçerləri hələ də özündədir. Digər yandan, qarşıda dövlət müəssisələrinin yenidən özəlləşməyə çıxarılması gözlənilir. Bu xüsuda vətəndaşlara yenidən şans verilməsi, müddətin yenidən artırılması və vauçerlərin yenidən dövriyyəyə qaytarılması yaxşı olardı”.

“Pressklub TV”-nin rəhbəri, tanınmış teleaparıcı, professor Qulu Məhərrəmli:

“Bu proses böyük qanun pozuntuları ilə müşayiət olundu. Özəlləşdirmə çekləri dövriyyəyə bvuraxılanda əhalidə böyük ümidlər oyatdı. İnsanlar inanmağa başladılar ki, sovetdən qalmış dövlət əmlakının özəlləşdirilməsində onların da iştirakı təmin ediləcək. Lakin sonradan gördük ki, bu proses bir qrup işbaz və məmur oliqarxiyasının maraqlarına xidmət edir. Elə iqtisadi tryuklardan istifadə olundu ki, faktiki olaraq vətəndaşlar bu prosesdən kənarda qaldılar. Bəzi çek sahibi isə aldadıldığının fərqində idi və bu səbəbdən özəlləşdirmə paylarını qoruyub saxladılar. Çünki proses bununla bağlı fərmanda və qanunvericilikdə qeyd olunan məqamlara uyğun şəkildə aparılmadı.

2011-ci ildə isə tədavül müddətinin başa çatdığını bəyan etdilər. Yüzminlərlə ölkə vətəndaşı hüquqsuz duruma düşdü. Azərbaycan mətbuatı da bu prosesdə fəal iştirak etməlidir. Nazirlər Kabinetinə bununla bağlı soğrular ünvanlanmalıdır. Belə olmaz axı. Özəlləşdirmə çeklərini payladıq, sizi aldatdıq və proses başa çatdı?.. Məsul qurumlar özəlləşdirmə çekləri əlində qalan vətəndaşların statistikasını aparmalı və əhaliyə dəymiş zərərin ödənilməsinə qərar verməlidir”.

“Novoye Vremya” qəzetinin baş redaktoru Şakir Ağayev:

“Vaxtilə mənim də əlimdə özəlləşdirmə vauçerləri vardı. Əslində, gözləntimiz böyük idi. Uzun müddət saxladıq və ümid edirdik ki, dəyəri artacaq. Görəndə ki, dəyəri artmır, dostlardan birinə hədiyyə etdim. Çünki tədavül müddəti bir neçə dəfə uzadılsa da, qiymətləri artmırdı. Halbuki, bununla bağlı qanunvericilikdə, fərmanda vətəndaşlar üçün böyük imtiyazlar nəzərdə tutulurdu. Təəssüf ki, bu, baş vermədi. Bundan sonra saxlamaqda da bir məna görmədik.

Onların tədavül müddətinin yenidən artırılmasını vacib sayıram. Nəzərə alanda ki, yüzminlərlə insan hələ də bu çekləri özündə saxlayır, bu mənada tədavül müddətinin yenidən artırılması labüddür. Bunun üçün xüsusi dövlət proqramı işlənib hazırlanmalıdır. Hansı formada həyata keçiriləcəyi isə müvafiq qurumların səlahiyyətində olan məsələdir”.

“Türküstan” qəzetinin və “Turkustan.info” saytının rəhbəri Aqil Camal:

“Özəlləşdirmə çeklərinin istifadə müddəti ilə bağlı üzərində tarix qeyd olunmayıb. Hər halda, rəsmən o dövrdə elan olunubsa ki, bunların tədavül müddəti bitəcək, çek sahibləri ondan istifadə edə bilərdilər. Ola bilsin ki, həmin vətəndaşlar 2011-ci ildə çeklərin istifadə müddətinin bitməsindən məlumatsız olublar, yaxud da müddətin yenidən uzadılacağına ümid edərək saxlayıblar.

Hesab edirəm ki, əlində qiymətli kağızı olan və bundan istifadə etməmiş vətəndaşların sayını, arealını müəyyənləşdirmək lazımdır. Müvafiq dövlət qurumları vətəndaşların bu müraciətini dinləməli, hüquqlarının bərpası ilə bağlı addım atmalıdır.

Qanunvericiliyə hansısa dəyişiklik etməklə, yaxud da ali icraedici orqanın qərarı ilə məsələni yoluna qoymaq olar. Vətəndaş hüququnun pozulduğunu iddia edirsə, qanun pozulubsa, ədalətin bərpa olunması vacib amildir. Vətəndaşların özəlləşdirmə paylarından hansısa formada istifadə edə bilməsinə şərait yaratmaq olar. Bütün hallarda məsələyə nöqtə qoyulmalıdır”.

“Dünya İnformasiya Agentliyi”nin (DİA) rəhbəri Məhəmməd Ərsoy:

“Vətəndaşın hüququ pozulubsa, onun bərpası lazımdır. Özəlləşdirmə çekləri məsələsi barədə o qədər də məlumatlı deyiləm. Vauçerlərindən istifadə edə bilməyən vətəndaşların müraciətlərini görürəm, onlar iddia edirlər ki, hüquqları pozulub. Hüquqşünaslar, iqtisadçılar bu problemin nə olduğunu, həlli yolunun nədən keçdiyini daha yaxşı izah edə bilərlər.

Amma vətəndaşın müraciətinə lazımi dövlət qurumları reaksiya verməlidir. Məsələ vətəndaşın hüququnun qorunması istiqamətində müsbət həllini tapmalıdır. Ümid edək ki, ali rəhbərlik bu insanların haqqını tanıyacaq, problemi aradan qaldıracaq”.

“Avtosfer.az” saytının rəhbəri Elməddin Muradlı:

“Çeklərdən istifadə etməyən vətəndaşlara bundan istifadə üçün şərait yaradılmalıdır. Vaxtilə dövlətin verdiyi qiymətli kağızlarından istifadə edə bilməyənlərin hüquqları pozulmamalıdır.

Mən deyə bilmərəm ki, bunu dövlət hansı formada həll etməlidir. Amma ortaq bir yol tapılması, vətəndaşın hüququ pozulubsa, onun bərpası, ədalətli qərarın verilməsi yaxşı olardı. Yaxşı olardı ki, hökumət bu məsələyə yenidən qayıtsın, çeklərin özəlləşdirmədə iştirakına şərait yaratsın, yaxud da müəyyənləşdirilsin, kompensasiya yolu ilə məsələ həllinə qovuşsun.

Görünən odur ki, vaxtilə vauçerlərdən hansı formada istifadə olunması ilə bağlı məlumatsızlıq olub. Özəlləşdirmə çekləri paylananda vətəndaşlara onun əhəmiyyəti, insanların bu çeklərdən necə istifadə etməsi ilə bağlı dolğun bilgi verilməliydi. Belə olmadığı üçün vətəndaşlar düzgün istifadə qaydasını bilmədilər. Çeklərini satmayan, saxlayan vətəndaşlar isə dövriyyədən çıxarıldığına görə bundan istifadə edə bilmirlərsə, bunun üçün yenidən addım atılmalıdır”.

“Etikxəbər.az” informasiya portalının rəhbəri və baş redaktoru Kamil Həmzəoğlu:

“Bu məsələ təkcə əllərində çeki qalan vətəndaşları yox, ümumilikdə hər kəsi düşündürən məsələdir. 1990-cı illərin əvvəllərində özəlləşdirmə çeklərinin paylanılması qərarı verildi. Həmin ərəfədə böyük iqtisadi və maliyyə çətinlikləri yaşayan insanlarda bu vauçerlər ümid yaratdı. Çoxları özəlləşdirmə çekləri vasitəsilə həyatlarında müsbətə doğru dəyişiklik olacağını düşünürdülər. Çünki dövlətin məqsədi qiymətli kağızlar vasitəsilə vətəndaşlara özəlləşdirmədə iştirak etmək, hansısa müəssisələrdə hissədar olmaq şəraiti yaratmaq idi.

Təəssüf ki, bu məsələdə gözləntilər özünü doğrultmadı. İnsanlarımız özəlləşdirmədə ya məlumatsızlıqdan, ya da digər səbəblərdən iştirakçı ola bilmədilər. Sonda isə vauçerlər mənasız kağız parçasına çevrildi.

Bir vaxtlar insanlar çeklərini dəyər-dəyməzinə satdılar. Amma dövlətin ona verdiyi qiymətli kağızını saxlayanlar da var. 2011-ci ildə çeklərin tədavül müddətinin bitdiyi elan edildi. Bu, hansısa səbəbdən çeklərdən səmərəli istifadə edə bilməyən vətəndaşlarımızın haqlarının pozulması deməkdir. Xeyli sayda vətəndaşda dövlətin verdiyi vauçerlər indi dəyərsiz kağıza çevrilib. Bu çeklər belə qiymətsiz olmamalıdır.

Dövlət rəhbərliyi səviyyəsində çeklərin tədavülünün artırılması, yaxud əlində çeki qalmış vətəndaşların bundan istifadəsi üçün hansısa formada imkan yaradılması lazımdır. Qanunvericilikdə də hansısa dəyişiklik etmək mümkündür. Vauçerlər məsələsində vaxtilə yol verilmiş nöqsanlar, heç olmasa, indi aradan qaldırılmalıdır.

Hesab edirəm ki, bu məsələ öz qanuni həllini tapmalıdır. Əlində çeki qalmış vətəndaşların, bundan yararlana bilməyən insanların hüquqlarının bərpasına ehtiyac var. Hesab edirəm ki, bunu həll etmək üçün, məsələyə birdəfəlik nöqtə qoymaq üçün dövlət rəhbərliyinin iradəsi, dövlətimizin də gücü var”.

“Modern.az” saytının rəhbəri Elşad Eyvazlı:

“Mən özümə məxsus olan çeki bugünədək saxlayıram. Zaman-zaman çekdən istifadə etməyən bir qrup vətəndaşın müraciətləri olur. Hesab edirəm ki, dövlət qurumları problemə diqqət yetirməli, iddialar əsaslıdırsa, həqiqətən də hüquqi baxımdan bu insanlar haqlıdırsa, o zaman haqları bərpa olunmalıdır. Yəni, birdəfəlik bu məsələyə son qoyulmalıdır.

Mən bildiyim qədər, tədavül müddəti bir neçə dəfə artırılıb. Həmin vaxt kimlərsə bundan istifadə edib, kimlərsə yox. Hər halda, narazılıq varsa, hökumət yenidən bu məsələyə qayıda bilər”.

Tanınmış teleaparıcı, əməkdar jurnalist Mətanət Ağamirli

“Ulu Öndər Heydər Əliyevin bununla bağlı fərmanı böyük sevinc yaratmışdı. Çünki fərmanda bilavasitə qeyd olunurdu ki, özələşdirməyə çıxarılacaq dövlət mülkiyyətinin əsas payçıları vətəndaşlar olacaq. Mütərəqqi addım olsa da, məmur oliqarxiyasının qurbanına çevrildi.

2011-ci ildə tədavül müddəti başa çatan vauçerlərin yenidən dövriyyəyə qaytarılmasını labüd sayıram. Çünki proses tam başa çatmayıb. Digər yandan, iki milyona yaxın çek hələ də əllərdədir. Onların hüquqlarını bərpa etmək, bu tarixi missiyasını başa çatdırmaq, eyni zamanda qarşıdakı özəlləşdirmə prosesində vətəndaşların iştirakını təmin etmək məqsədilə bu addım atılmalıdır. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu bu layihə məntiqi yekuna çatmalıdır”.

QEYD

Ötən əsrin sonunda - Özəlləşdirmə Payları (çekləri) 29 sentyabr 1995-ci il 1120 nömrəli Qanunla qəbul olunmuş Dövlət  Proqramı ilə verilmişdir və Qanunun icrasını təmin etmək ücün  AR Prezidentinin 25 mart 1996-cı il tarixli 450 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamə"yə uyğun olaraq (verilmişdir) paylanmışdır. Qanunla vətəndaşlara mülkiyyət sahibi olmaq üçün verilmiş qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Eyni zamanda dövriyyədə Tədiyyə-Özəlləşdirmə vasitəsi kimi istifadəsi də Qanuna və Konstitusiyaya zidd olaraq Fərmanla məhdudlaşdırılıb. Əllərində qiymətli kağız olan çekləri qalmış yüzminlərlə vətəndaş Tədiyyə-Ödəmə müddətinin bitməsinin qanunsuz olduğunu, hüquqlarının bərpa olunmasını istəyir. Çünki vətəndaşlar üçün çeklərin dövriyyədə tədavül vasitəsi ( alqı-satqı, banka girov və s.) olması vacib deyil. 100 minlərlə vətəndaş Heydər Əliyevin məsləhətinə uyğun olaraq öz çeklərindən dövriyyədə Tədiyyə-Ödəmə vasitəsi kimi istifadə edərək özəlləşdiriləcək iri müəsisələrdə pay sahibi olmaq və divident almaq ümüdi ilə öz çeklərini satmayıb – saxlayıblar.

Zaman-zaman özəlləşdirmə çekləri ilə bağlı müxtəlif sahələrin ekspertləri, hüquqşünaslar, deputatlar, ziyalılar hökumətə pozulan hüquqlarının bərpası ilə bağlı müraciətlər edirlər. Müraciət edən şəxslər konkret arqumentlərlə çıxış edir ki, SSRİ dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir.

Çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, çeklərin etibarlılıq müddəti kimi bir anlayış və göstəriş yoxdur. Əllərində çekləri qalmış vətəndaşlar özəlləşdirmə prosesində iştirak edə bilmədikləri səbəbindən o çekləri hələ də saxlamaqdadırlar.

Vurğulanır ki, tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində özəlləşdirmə payları qalan şəxslərlə bağlı konkret addımlar atılması tələb olunur.

Əlavə qeyd

Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!

Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 15 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.

Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.

Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!

Mövzuya dair daha ətraflı məlumatla aşağıdakı keçidlərə daxil olmaqla tanış ola bilərsiniz:

KEÇİD 1

KEÇİD 2

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
3
ayna.az

10Mənbələr