AZ

Ukraynadan gətirilən toyuq zay çıxdı

Ukraynadan Azərbaycana idxal olunan 4,9 ton dondurulmuş toyuq məhsulunda (16.02.2026-16.02.2028 istehsal və son istifadə tarixli) uyğunsuzluq aşkarlanıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat yayıb.

Bildirilib ki, laborator müayinələr nəticəsində məhsulda "salmonella" (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakterial infeksiya - red) aşkarlanıb.

Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə istehsalçı müəssisədən ixracın dayandırılmasına dair müraciət ünvanlanıb.

Yerli istehsal olduğu halda niyə ölkəyə böyük həcmdə idxal məhsulları gətirilir?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli  bildirib ki, ucuz qiymətə ölkəyə gətirilən məhsullar bazara çıxarılsa da, onların hamısı qida təhlükəsizliyi standartlarına uyğun olmaya bilər:

"Ukraynadan Azərbaycana idxal edilən toyuq əti əsasən kolbasa və sosiska kimi emal məhsullarının hazırlanmasında istifadə olunur. Bu cür məhsullar adətən birbaşa satışa çıxarılmır, daha çox emal sənayesinə yönləndirilir. Dondurulmuş toyuq məhsullarında bəzi hallarda salmonella və digər bakterial risklər ola bilər. Məhz bu səbəbdən idxal olunan məhsullar nəzarət və laborator yoxlamalardan keçirilir".

O qeyd edib ki, bəzi işbazlar bu məhsulları çox ucuz qiymətə alıb ölkəyə gətirir və daha sonra satışa çıxarırlar:

"Bu məhsullar bazara daxil edilsə də, onların təhlükəsizlik və keyfiyyət göstəriciləri hər zaman standartlara uyğun olmur. Aparılan yoxlamalar zamanı isə belə məhsullar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) laborator nəzarətindən keçə bilmir və müəyyən uyğunsuzluqlar aşkar edilir".

Gülər Həsənli

"Cebheinfo.az"

Seçilən
39
1
cebheinfo.az

2Mənbələr