AZ

Neft BAHALAŞDI – Atəşkəs olmasa….

Dünya enerji bazarında hökm sürən kəskin qeyri-sabitlik və geosiyasi risklərin artması fonunda Azərbaycanın strateji ixrac məhsulu olan “Azeri Light” markalı neftin qiymətində müşahidə olunan ciddi bahalaşma qlobal iqtisadiyyatın gündəmində əsas mövzuya çevrilib.

Son ticarət əməliyyatları zamanı Azərbaycan neftinin bir barelinin qiymətinin 6,02 ABŞ dolları və ya 5,8 % artaraq 110,51 dollara yüksəlməsi, həmçinin Ceyhan limanında FOB bazasında 107,39 dollar həddinə çatması rəsmi Bakının ixrac gəlirlərinin proqnozlaşdırılan səviyyədən qat-qat yuxarı olacağını göstərir. Bu artım Azərbaycanın dövlət büdcəsinin profilini və Dövlət Neft Fondunun (ARDNF) valyuta ehtiyatlarını əhəmiyyətli dərəcədə gücləndirir, eyni zamanda ölkənin xarici ticarət balansında müsbət saldonun daha da böyüməsinə rəvac verir.

Ekspertlər qeyd edirlər ki, neftin qiymətinin yüksək qalması ölkədə həyata keçirilən irimiqyaslı bərpa-quruculuq işlərinin və sosial layihələrin maliyyə bazasını daha da dayanıqlı edir, manatın məzənnəsinə olan təzyiqləri minimallaşdırır. Lakin bazardakı bu “qiymət rallisi” birbaşa Yaxın Şərqdəki siyasi qərarlardan asılı vəziyyətdədir və bu axşam gözlənilən atəşkəs xəbərinin gəlməməsi bazarın daha da alovlanmasına səbəb ola bilər.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli qeyd edib ki, hazırkı vəziyyət Azərbaycan üçün həm iqtisadi dividendlər, həm də strateji məsuliyyət vəd edir: “Neftin qiymətinin 110 dolları keçməsi Azərbaycanın valyuta daxilolmalarını sürətləndirir və bu, büdcə kəsirinin qarşısını almaqla yanaşı, investisiya imkanlarımızı genişləndirən mühüm amildir”.

Onun sözlərinə görə, qiymətlərin bu həddə qalması və ya daha da yüksəlməsi birbaşa geosiyasi gərginliyin miqyasından asılıdır: “Əgər bu axşam atəşkəs və ya hər hansı bir yumşalma qərarı verilməsə, enerji daşıyıcılarının qiymətində ‘partlayış’ effekti yaranacaq və biz yaxın günlərdə neftin 120-125 dollar intervalına daxil olmasını müşahidə edə bilərik, bu isə qlobal inflyasiyanı sürətləndirsə də, neft ixracatçısı olan Azərbaycanın strateji çəkisini daha da artırır”.

Tunar,
NOCOMMENT.az

Seçilən
32
nocomment.az

1Mənbələr