AZ

Anar Məmmədxanova həsr olunan tədbir keçirildi - FOTOLAR

BAKI, 21 aprel. TELEQRAF

Bakı Kitab Mərkəzində "Parni iz Baku" komandasının kapitanı, ictimai xadim, Milli Məclisin deputatı Anar Məmmədxanovun həyat və yaradıcılığına həsr olunan "Özünə sadiq ömür: Anarsız 15 il..." adlı tədbir keçirilib.

Anar Məmmədxanovun həyat yoldaşı İradə Məmmədxanova Teleqraf-a açıqlamasında həyat yoldaşı haqqında xatirələrini bölüşüb:

"Bu gün sevdiyimiz insanın varlığını qeyd edirik. Xatirələrimizi və düşündüklərimizi bölüşürük. Belə bir insanın gedişi həm fiziki, həm də mənəvi baxımdan bizə çox təsir etdi və insanların qəlbində böyük iz qoydu. Baxmayaraq ki, ölümündən 15 il keçir, amma sanki bu hadisə iki il əvvəl baş verib.

Bu gün buraya Anar Məmmədxanovun dostları da gəlib. O, çox nadir və dürüst insan idi".

Xəzər Media Mərkəzinin baş direktoru Murad Dadaşov Teleqraf-a açıqlamasında Anar Məmmədxanovun çox səmimi, vətənpərvər bir insan olduğunu bildirib.

"Böyük xoşbəxtlikdir ki, biz Anarı gördük, onunla ünsiyyətdə olduq və dostluq etdik. Anarla tanışlığımız sanki Allah tərəfindən bir hədiyyə idi.

"Bakılı oğlanlar"ın hər birində müsbət xüsusiyyətlər var və bunların kökündə Anar Məmmədxanovun təsiri dayanır. Vətənpərvərlik, niyyətin saf olması, nə qədər çətinlik olsa da işləmək qabiliyyəti və məsuliyyət hissi, bütün bunlar Anardan gəlir.

Anarı sevən insanlar təkcə biz deyilik, ailəmiz və övladlarımız da onu çox sevir. Çox istərdik ki, Anar yaşasın. Amma bu, Allahın qismətidir. Nə etmək olar... Anarın artıq nəvələri var, Allah onlara uzun ömür versin".

Qeyd edək ki, tədbirdə bir çox ictimai-siyasi şəxslər və media nümayəndələri iştirak ediblər.

Seçilən
32
teleqraf.com

1Mənbələr