AZ

Regional məsuliyyət – müasir beynəlxalq münasibətlər sistemində yeni mərhələ ŞƏRH

Bakı, 21 aprel, AZƏRTAC

Antalya Diplomatik Forumu beynəlxalq siyasətin aktual məsələlərinin müzakirə olunduğu mühüm platformalardan biridir. Bu tədbirdə yüksək səviyyədə təmsil olunan Azərbaycan xarici siyasət fəlsəfəsində əsas prinsiplərdən biri olan “regional sahiblik” anlayışını aydın şəkildə nümayiş etdirdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov söyləyib.

O bildirib ki, məsuliyyət konsepsiyası region dövlətlərinin öz talelərinə, sabitliyinə və inkişafına sahib çıxmaq bacarığını və siyasi iradəsini ehtiva etdirir. Təcrübə göstərir ki, üçüncü qüvvələrin bölgənin daxili işlərinə müdaxiləsi əksər hallarda mənfi nəticələrə gətirib çıxarır. Bunun əksinə olaraq, problemlərin region ölkələrinin birgə səyləri və dialoqu əsasında həlli daha dayanıqlı və uzunmüddətli sülhün təmininə xidmət edir. Azərbaycan və Türkiyə bu yanaşmanın uğurlu tətbiqinin parlaq nümunəsini təqdim edirlər.

Forum çərçivəsində keçirilən görüşlər və müzakirələr həm ikitərəfli əlaqələrin strateji xarakterini bir daha təsdiqlədi, həm də parlament diplomatiyasının regional dialoq və qarşılıqlı anlaşma baxımından nə qədər mühüm platforma olduğunu ortaya qoydu.

“Antalya Diplomatik Forumu göstərdi ki, müasir dövrün çağırışlarına cavab verə bilmək üçün beynəlxalq münasibətlərdə yeni düşüncə tərzi – regional məsuliyyət və təşəbbüskarlıq fəlsəfəsi formalaşmaqdadır. Bu fəlsəfə Azərbaycan diplomatiyasının əsas istiqamətlərindən birinə çevrilib, ölkəmizi regionda sülhün, sabitliyin və inkişafın daşıyıcısı kimi təqdim edir”, - deyə S.Seyidov əlavə edib.

 

Seçilən
1
2
azertag.az

3Mənbələr