AZ

​Paşinyan Bakının dediyini deyir:

Ermənistanın Baş naziri Nikol Paşinyanın yeni Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinadın aradan qaldırılması ilə bağlı açıqlaması regionda gedən siyasi proseslər baxımından mühüm siqnal kimi qiymətləndirilir. Bu mövqe əslində uzun müddətdir rəsmi Bakının irəli sürdüyü tələblərlə üst-üstə düşür. Çünki həmin bəyannamədə Azərbaycana qarşı ərazi iddialarının yer alması sülh danışıqlarında əsas maneələrdən biri hesab olunurdu. Metbuat.az xəbər verir ki, Paşinyanın “Qarabağ hərəkatı”nın davam etdirilməsinin yeni münaqişə riski yaratdığı barədə fikirləri müzakirəsiz ötüşməyib. Baş nazirin bu açıqlaması həm ölkəsində, həm də Azərbaycanda müxtəlif kontekstlərdən müzakirə olunur. Erməni müxalifəti hökumət başçısının bu mövqeyini sərt tənqid etsə də, Paşinyanın yanaşması göstərir ki, İrəvan artıq reallıqları daha açıq şəkildə qəbul etməyə başlayıb. Son aylarda Ermənistan rəsmilərinin, o cümlədən parlament sədri Alen Simonyanın səsləndirdiyi daha konstruktiv və xoşməramlı bəyanatlar da bu tendensiyanın davamı kimi görünür. Aydın məsələdir ki, bu mövqe fərdi özfəaliyyət nümunəsi deyil, komanda təfəkkürünün məhsuludur. Rəsmi İrəvanın bu məsələyə dair Bakıdan müsbət siqnallar aldığını da istisna edə bilmərik. Həmişə sülh tərəfdarı olan, regionun dirçəlişi üçün yorulmadan səylər nümayiş etdirən Azərbaycan hökumətinin zəhmətinin bəhrə verdiyini düşünmək olar. Hadisələrin inkişafı sülh sazişinin imzalanması istiqamətində müəyyən irəliləyişlərin əldə olunduğunu deməyə əsas verir. Digər tərəfdən, Azərbaycanın prinsipial mövqeyi dəyişməz olaraq qalır: qarşılıqlı ərazi bütövlüyünün tanınması və hüquqi əsaslarda təsbit olunması. Paşinyanın Konstitusiya ilə bağlı təklif etdiyi dəyişikliklər də məhz bu tələblərin yerinə yetirilməsinə yönəlmiş addım kimi dəyərləndirilməlidir. Əgər bu proses uğurla başa çatarsa, tərəflər arasında uzunmüddətli və davamlı sülhün təmin olunması üçün real zəmin formalaşa bilər. Son bəyanatlar göstərir ki, sülh sazişi artıq uzaq perspektiv deyil, konkret siyasi gündəliyin əsas mövzularından birinə çevrilib. İndi əsas məsələ bu siyasi iradənin praktik addımlarla möhkəmləndirilməsidir. Obrazlı desək, Azərbaycan topu Ermənistana ötürüb. Ümid edək ki, İrəvan əvvəlki məğlubiyyətlərdən nəticə çıxarıb bu dəfə topu öz qapısına vurmayacaq…

Nazim Hüseynzadə / Metbuat.az

Seçilən
4
metbuat.az

1Mənbələr