AZ

Rusiyapərəstlər Paşinyana qarşı nə təklif edir? Ermənistanda seçkiqabağı gərginlik artır

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ermənistanda parlament seçkiləri ərəfəsində hakimiyyət və müxalifət arasında əsas fikir ayrılığı Azərbaycanla sülh məsələsində ortaya çıxıb. Hakim Vətəndaş Müqaviləsi Partiyası seçki proqramında xarici dəstək olmadan fəaliyyət göstərən dövlət modelini əsas prioritet kimi müəyyənləşdirir.

Baş nazir Nikol Paşinyan canlı yayımda komandasının proqramını təqdim edərkən bildirib ki, sülhün “institusionallaşdırılması” əsas hədəfdir. Onun sözlərinə görə, bu istiqamətdə ilk addımlar sərhədlərin delimitasiyasının davam etdirilməsi, TRIPP layihəsinin icrası və Azərbaycanla əvvəlcədən razılaşdırılmış sülh sazişinin yekun imzalanmasıdır.

Paşinyan xüsusilə Azərbaycanla birbaşa danışıqların vacibliyini vurğulayıb və vasitəçilərin rolunu ön plana çıxarmayıb.

Hakimiyyətin bu yanaşması rusiyapərəst müxalif qüvvələr tərəfindən kəskin tənqid olunur. Robert Koçaryanın rəhbərlik etdiyi “Hayastan” bloku, həmçinin biznesmenlər Qaqik Tsarukyan və Samvel Karapetyanın təmsil olunduğu “Güclü Ermənistan” platforması hesab edir ki, Ermənistan hazırda təkbaşına sülhü təmin edə bilməz.

Onlar beynəlxalq zəmanətlərin və üçüncü tərəflərin iştirakının vacibliyini iddia edirlər. Rusiyapərəstlərə görə, yalnız “atəşin olmaması” sülh demək deyil və belə razılaşma ölkə üçün risklər yarada bilər.

Seçki debatlarının digər mühüm mövzusu Rusiya ilə münasibətlərdir. Müxaliflər Moskva ilə əlaqələrin bərpasını prioritet saydığı halda, Paşinyan hökuməti münasibətlərin “konstruktiv transformasiyası”ndan danışır. Baş nazir qeyd edib ki, əvvəlki münasibətlər Qarabağ münaqişəsi kontekstində qurulmuşdu və yeni reallıqda bu əlaqələr yenidən formalaşdırılmalıdır. O, həmçinin Ermənistanla Rusiya arasında nəqliyyat əlaqələrinin artıq mövcud olduğunu vurğulayıb.

Seçki proqramlarında iqtisadi vədlər də fərqli yanaşmalar ortaya qoyur: “Güclü Ermənistan” 5 ildə 300 min yeni iş yeri, Koçaryanın komandası ildə 35–45 min, hakim partiya isə ildə 25 min (5 ildə 100 min iş yeri) və yoxsulluğun 5% azaldılması, Qaqik Tsarukyanın siyasi qüvvəsi isə konkret rəqəmlər açıqlamayıb.

Qeyd edək ki, hakimiyyət 2021-ci ildə verdiyi işsizlik və yoxsulluğun azaldılması ilə bağlı vədləri tam yerinə yetirə bilməyib. Bu isə seçki kampaniyasında müxalifətin əsas tənqid mövzularından biri olaraq qalır.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
azpolitika.info

1Mənbələr