Bakı, 21 aprel, AZƏRTAC
Anar Məmmədxanovun vaxtsız dünyasını dəyişməsindən 15 il ötür. Bu illər ərzində Anar hər gün xatirələrimizdə yaşayıb. O çox geniş qəlbli, böyük vətənpərvər, ailəsini sevən, xalqına bağlı bir insan idi. Anar Məmmədxanov, vətəni təkcə sözlə deyil, əməlləri ilə sevirdi. Harada Azərbaycan adı çəkilirdisə, o, bunu məsuliyyətlə təmsil edirdi. Bu yanaşma, bu dəyərlərə sadiqliyi nəticədə onun arzuladığı bir çox işlər reallaşdı.
Bunu AZƏRTAC-a açıqlamasında “Xəzər” Media Mərkəzinin baş direktoru Murad Dadaşov deyib.
O bildirib ki, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun komandası fəaliyyəti, yaratdığı obrazlar və ölkəmiz haqqında yaydığı məlumatlarla böyük işlərə imza atıb. Bu xidmətlər hər zaman yüksək qiymətləndirilib, hətta dövlət səviyyəsində də bu fəaliyyətə xüsusi diqqət göstərilib.
" “Bakılı oğlanlar” klubunun əfsanəvi kapitanı Anar Məmmədxanovu hər zaman böyük hörmət, sevgi və ehtiramla xatırlayırıq. Onun zarafatları daim bizimlədir. Sevindirici haldır ki, bu gün keçirilən tədbirdə onun övladları ilə yanaşı, nəvələri də iştirak edirlər. Ümid edirəm ki, nəvələri böyüdükcə babalarının kim olduğunu daha yaxşı anlayacaq və bəlkə də onun kimi tarixdə öz izlərini qoyacaqlar", - deyə Murad Dadaşov qeyd edib.