AZ

Erkin Qədirlidən VACİB ÇIXIŞ 

Milli Məclisin iclasında çıxış edən deputat Erkin Qədirli bildirib ki, Belçika və Niderland parlamentləri ilə işçi qrupunun üzvüdür.

Musavat.com-un məlumatına görə, o, Azərbaycana qarşı qərəzli qətnamə qəbul edən hər iki parlamentin deputatlarında siyasi savadsızlığın olduğunu vurğulayıb.

Qeyd edib ki, Belçika və Niderland parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olaraq nümayəndə heyətlərinin tərkibində, həmçinin bu ölkələrə fərdi qaydada səfərləri olub:

“Həm regional parlamentlərdə, həm federal parlamentlərdə, eləcə də AŞPA-da onların deputatları ilə sıx ünsiyyətdə olmuşuq. Hər zaman istər iqtidar, istərsə də müxalifət tərəfindən eyni ünsiyyət və eyni münasibətin şahidi olmuşuq. Bu qətnamə də yekdilliklə qəbul edildi. Bu fakt özü-özlüyündə müəyyən məqamları ortaya qoyur. Məsələnin daha dərin qatları var, lakin onlara çox da toxunmadan, üzdə olan səbəbləri ümumi şüur çərçivəsində dəyərləndirmək mümkündür. Bu, Azərbaycana qarşı qərəzli münasibətin terminologiya və anlayışların qarışdırılması ilə açıq şəkildə özünü göstərdiyini nümayiş etdirir. Hazırda Azərbaycanda barələrində hələ qanuni qüvvəyə minmiş hökm olmasa da, birinci instansiya məhkəməsinin qərarı olan şəxslər var və proses hüquqi qaydada davam edir. Lakin həmin separatçı və terrorçu erməni şəxslər bəzi hallarda “siyasi məhbus”, digər hallarda isə “müharibə əsiri” kimi təqdim olunur. Bəzi qətnamələrdə isə bu anlayışların qarışdırıldığını görürük, eyni sənəd daxilində bir yerdə “müharibə əsiri”, digər yerdə isə fərqli terminlərdən istifadə olunur. Bu, ilk növbədə, həmin yanaşmanın qeyri-peşəkar və hüquqi əsaslardan uzaq olduğunu göstərir. Çünki bu anlayışların heç biri hazırda Azərbaycanda saxlanılan həmin şəxslərə aid edilə bilməz”.

Erkin Qədirli bildirib ki, söhbət konkret cinayətlər törətmiş və bu səbəbdən ittiham olunan şəxslərdən gedir:

“Digər tərəfdən, ərazi bütövlüyü və suverenlik məsələsi də burada əsas yer tutur. Heç vaxt müşahidə etməmişik ki, Azərbaycanın əraziləri işğal altında olduğu dövrdə, ərazi bütövlüyümüzün və sərhədlərimizin müdafiəsi kontekstində ermənilərin mədəni irsi məsələsi bu şəkildə qabardılsın”.

Deputat bu məsələlərin adıçəkilən ölkələrin parlamentarlarının diqqətinə çatdırılmasını vacib sayıb.

Spiker Sahibə Qafarova öz növbəsində deputatın fikirlərinə əlavələr edib və işçi qruplarının üzvü olaraq bu istiqamətdə davamlı addımlar atmağı vacib sayıb.

E.Paşasoy,
Musavat.com

Seçilən
43
musavat.com

1Mənbələr