BAKI, 21 aprel. TELEQRAF
Avropa İttifaqının (Aİ) genişlənmə üzrə komissarı Marta Kos Ukrayna ilə bağlı üç müsbət mesajı jurnalistlərlə bölüşüb.
Teleqraf xəbər verir ki, bu barədə o, Aİ Xarici İşlər Şurasının Lüksemburqda keçiriləcək iclasından əvvəl bildirib.
“Birincisi, əgər yaxın günlərdə “Drujba” boru kəmərində neft axını bərpa edilsə, ən qısa müddətdə Ukraynaya 90 milyard avroluq kredit verməyə başlaya biləcəyik.
İkinci müsbət mesaj Ukrayna və Moldovanın (Aİ-yə üzvlüklə bağlı danışıqlarda - red.) bütün altı klasteri rəsmi olaraq açmağa hazır olmasıdır, biz də hazırıq. Buna görə də ümid edirəm, Aİ Şurası tezliklə hərəkətə keçəcək”, - Kos qeyd edib.
Aİ komissarının sözlərinə görə, üçüncü müsbət mesaj Kiyevin son həftələrdə bir çox islahatlar həyata keçirməsidir, Aİ bu səbəbdən likvidliyi təmin etmək üçün Ukrayna büdcəsinə 2,7 milyard avroya qədər vəsait ayıra biləcək.