AZ

İşləyən şəxslər niyə əlavə iş axtarırlar? Daha çox qazanmaq istəyi, yoxsa məcburiyyət?

ain.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bir çox iş yerlərində çalışan işçilər işləri olmasına baxmayaraq, əlavə bir iş axtarırlar. Əksərən buna maaşın az olması səbəb olur.

“HR Hunter” şirkətinin qurucusu, İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə bu mövzuda Banco.az-a  açıqlamasında bildirib ki, bu məsələnin həm iqtisadi, həm də sosial tərəfi var:

"Ən əsas amillərdən biri iqtisadi məsələlərdir. Xüsusilə, pandemiyadan sonra insanlar daha çox qazanmağa meyilli oldular və qiymətlərin, xüsusilə ərzaq məhsullarının bahalaşması əvvəlki qazancın kifayət etməməsinə səbəb oldu. İnflyasiyanın artması real gəlirlərin azalmasına gətirib çıxardı.

İkinci əsas məsələ insanların istək və arzularının artmasıdır. Bu istəkləri reallaşdırmaq üçün insanlar əlavə iş tapmağa və daha çox pul yığmağa çalışırlar.

Üçüncü mühüm məsələ isə bəzi ailələrdə yalnız bir nəfərin qazanc sahibi olmasıdır. Həmin şəxs həm öz ailəsinə, həm də digər ailə üzvlərinə baxmalı olur və qazancı xərcləri ödəməyə kifayət etmədiyi üçün əlavə işləməyə meyl edir".

İ. Mirzəzadə qeyd edib ki, qısa müddətdə ikinci işlə məşğul olmaq gəliri artırmaq baxımından uyğun görünsə də, uzunmüddətli perspektivdə bu effektiv deyil: "Çünki 8 saatlıq qrafiklə işləyən bir şəxs sonradan 4-5 saat da bir işdə işləsə, gündəlik 12–13 saat işləmiş olur. Yuxunu da nəzərə alsaq, insanın istirahətə və şəxsi həyatına çox az vaxtı qalır.

Buna baxmayaraq, iqtisadi və sosial səbəblər bu vəziyyətin davamlı olmasına gətirib çıxarır. Məsələn, bəzi insanlar əsas işdən sonra taksi sürücülüyü və ya kuryer fəaliyyəti ilə məşğul olurlar. Ümumilikdə isə bu daha çox iqtisadi zərurətdən irəli gəlir. Bəzi hallarda insanlar müəyyən müddət üçün pul yığmaq, xaricə getmək və ya digər məqsədlər üçün də əlavə işləyirlər".

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
banco.az

2Mənbələr