AZ

Şamaxıda safari macərası FOTO VİDEO

ain.az, Azertag portalına istinadən məlumat verir.

Şamaxı, 16 aprel, Rəşad Türkoğlu, AZƏRTAC

AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Şamaxı Safari Parkı.

Müasir dövrün qeyri-adi ekoturizm növlərindən olan safari turizmi Azərbaycanda da mövcuddur. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu turizm növü üçün Qafqaz dağlarının qoynunda, Şamaxının təbiət incisi sayılan Pirqulu massivində də lazımi şərait yaradılıb.

Şamaxı–Dəmirçi avtomobil yolu ilə yuxarı qalxdıqca mənzərə dəyişir. Maşının pəncərəsindən görünən təbiət sanki bir nağıldır: yaşıllığa bürünmüş dağlar, sükut içində əzəmətlə uzanan meşələr, sərin mehə qarışan torpaq qoxusu...

Pirqulu kəndi. 1200 hektarlıq ərazini əhatə edən Şamaxı Safari Parkının girişində xüsusi mühafizə olunan sahəyə daxil oluruq. Burada hər məqam beynəlxalq standartlara uyğundur – mühafizə zonası həm heyvanları yoluxucu xəstəliklərdən qoruyur, həm də insanın nəzarətsiz təsirini minimuma endirir.

Torpaq yolla irəlilədikcə təbiətin sükutu və gözəlliyi insanın zövqünü oxşayır. Nəcib marallar yaşıl çəmənlikdə otlayır. Bir az kənarda alpaka və lamalar ziyarətçilərə maraqla baxır, sanki “bizim dünyamıza xoş gəlmisiniz” deyirlər. Dağ qoyunları – muflonlar isə qayalıqların arxasında sərbəst hərəkət edir, Avropa bizonu – nəhəng zubr öz əzəməti ilə insanı vahimələndirir.

Safari Park yalnız ərazisinin böyüklüyünə görə deyil, həm də buradakı heyvanların nadirliyinə görə də Cənubi Qafqazda yeganədir. Hazırda parkda 10-dan çox müxtəlif növ heyvan yaşayır. Buraya Latviya, Polşa, Slovakiya, Çexiya və Macarıstandan gətirilmiş nəcib maral, xallı maral, Altay maralı, alpaka, lama, muflon və zubr daxildir. Bu canlılar artıq yeni iqlimə tam uyğunlaşıb, təbii çoxalma nəticəsində sayları artmaqdadır.

Pirqulunun dağ-meşə massivi də Safari Parka rəng qatır. Giriş hissəsi ilə ən yüksək nöqtə arasında bəzən 10 dərəcəyədək temperatur fərqi olur. Ona görə də bura səyahət edən turistlər geyimlərini seçərkən təbiətin bu sürprizini nəzərə almalıdırlar.

Safari Park Vəhşi Dırnaqlılar və Maral Fermerləri üzrə Beynəlxalq Assosiasiyanın üzvüdür və Cənubi Qafqazda bu qurumda yeganə rəsmi təmsilçidir. Bu isə Azərbaycanın ekoturizm xəritəsində yeni səhifə açır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
88
azertag.az

1Mənbələr