ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Son dövrlərdə məktəblərdə baş verən narahatedici hadisələr cəmiyyətin diqqətini ciddi şəkildə bu sahəyə yönəldib. Bildirilir ki, liseydə şagirdin müəllimə silahlı hücum etməsi, başqa bir məktəbdə 9-cu sinif şagirdinin termosda spirt gətirərək sinif yoldaşını yandırması kimi faktlar artıq tək-tək hadisə deyil, sistemli problemin siqnalıdır. Belə hallardan sonra ən çox səslənən fikir “şagird məktəbdən uzaqlaşdırılsın” olur.
Əslində cəmiyyət üçün potensial təhlükə yaradan bu “çətin” uşaqlarla necə davranılmalıdır? Məktəb psixoloqları bu məsələni necə tənzimləməlidir? Bu kimi halların yaşanmaması üçün valideynlər nə etməlidir?
Globalinfo.az-a danışan psixoloq Zeynəb Əyyubova deyib ki, valideynlər uşaqlarında olan problemləri görmədikcə bu kimi hallar getdikcə artacaq:
“Məsələn, biz bağça yaşından etibarən ana-ataya deyirik ki, uşağın spektr pozuntusu, atipik əlamətləri, yüngül autizmə meyilliyi var. Lakin valideyn heç nə olmamış kimi davranır və problemi qəbul etmək əvəzinə, onun tam sağlam olduğunu iddia edirsə, uşaq böyüdükcə mövcud çətinliklər ört-basdır ediləcək. Digər tərəfdən, uşaqlara susmağı yox, danışmağı öyrətməliyik. Əgər bir şagirdə bullinq edildiyini görürüksə, susmamalıyıq. Sinifdə kimsə zorakılıq edirsə, buna da səssiz qalmamalıyıq. “Susmayın” çağırışı davamlı şəkildə təbliğ olunmalı və cəmiyyətə aşılanmalıdır”.
Zeynəb Eyyubova
Psixoloq bildirib ki, mübahisə edən tərəflərdən biri zalım, digəri məzlum olsa belə, hər bir davranışın səbəbi araşdırılmalıdır:
“Hətta ən sakit varlıq da, məsələn pişik, həddindən artıq sıxışdırıldıqda reaksiya verir, cırmaq atır. Yəni bu cür hadisələr adətən birdən-birə baş vermir, müəyyən prosesin nəticəsi olur. Bir uşaq evdən su qabında spirt və alışqan gətirərək aqressiv davranış nümayiş etdirirsə, bunun arxasında duran səbəblər var və mütləq araşdırılmalıdır. Həm məzlum, həm də zalım tərəf dinlənilməli, onların yaşadığı travmalar üzə çıxarılmalıdır. Xüsusilə sinif yoldaşları ilə də söhbətlər aparmaq vacibdir”.
Zeynəb Əyyubova qeyd edib ki, valideynlər ən azı həftədə bir dəfə məktəbə getməlidir:
“Ana və ata məktəbdə uşaqlarının kimlərlə ünsiyyətdə olduğunu, kimin onu incitdiyini, yaxud kimə qarşı xoşagəlməz davranış göstərdiyini öyrənməlidirlər. Məktəb və valideyn arasında davamlı və sağlam kommunikasiya qurulmalıdır. Bu məsələdə təkcə məktəbi günahlandırmaq düzgün deyil. Bəziləri bildirir ki, məktəbin girişində yoxlama daha ciddi olsaydı, belə hallar baş verməzdi. Amma yoxlama olsa da, su qabının içində spirt olduğunu müəyyən etmək mümkün olmayacaqdı. Buna görə də əsas həll yolu valideyn, məktəb və uşaq arasında sıx əməkdaşlığın təmin edilməsidir”.
Ləman İmran
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.