AZ

Yekaterina Matviyenko: Hədəfimiz həm idmançıların hazırlanması, həm də məşqçi heyətinin formalaşdırılmasıdır

Bakı, 21 aprel, AZƏRTAC

Dünyanın ən güclü bədii üzgüçülük məktəblərindən birinin təcrübəsini Azərbaycanda tətbiq etmək istəyirəm.

Bu sözləri AZƏRTAC-a açıqlamasında bədii üzgüçülük üzrə Azərbaycan komandasının yeni məşqçisi Yekaterina Matviyenko deyib.

O bildirib ki, təklif Azərbaycan Üzgüçülük Federasiyası tərəfindən olub və hazırda layihənin detallarının müzakirəsi aparılır: “Bu əməkdaşlığın bütün istiqamətlərini dəqiqləşdirmək üzərində işləyirik. Əsas məqsədimiz ölkədə bədii üzgüçülüyün inkişafını təmin etməkdir. Mən dünyanın ən güclü məktəblərindən biri hesab olunan Rusiya sistemindən gəlirəm və bu təcrübəmi Azərbaycanda tətbiq etmək istəyirəm. Hədəfim yalnız Bakı deyil, ölkə üzrə bu idman növünün inkişafına töhfə verməkdir”.

Matviyenko qeyd edib ki, layihə çərçivəsində həm idmançıların hazırlanması, həm də məşqçi heyətinin formalaşdırılması nəzərdə tutulur: “Düzgün texnikanın öyrədilməsi, məşqçilərin yetişdirilməsi və bədii üzgüçülüyün ölkə miqyasında populyarlaşdırılması əsas prioritetlərimizdəndir. Bakıya cəmi bir neçə gün əvvəl gəlmişəm və hazırda işə sıfırdan başlayırıq. İlkin müqavilə bir il üçün nəzərdə tutulsa da, bu layihə uzun müddət, hətta beş ildən artıq davam edə bilər”.

Mütəxəssis Bakı ilə bağlı təəssüratlarını da bölüşüb: “Şəhərin bir hissəsini görmüşəm və Bakı məndə çox xoş təəssürat yaradıb. Eyni zamanda Azərbaycanın digər bölgələrini də görmək, ölkəni daha yaxından tanımaq istəyirəm”.

Seçilən
14
azertag.az

1Mənbələr