AZ

Məktəblərdə aqressiya halları çoxalır: NİYƏ?

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Son vaxtlar məktəblərdə baş verən xoşagəlməz hadisələr cəmiyyətdə narahatlıq yaradıb.

Belə ki, dünən baş verən hadisə isə məktəblərdə təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib. Şagirdlər arasında baş verən mübahisə ağır nəticəyə səbəb olub, bir şagird digərinin üzərinə spirt tökərək onu yandırıb.

Bundan əvvəl isə “İdrak” liseyində müəllimin şagird tərəfindən güllələndiyi hadisə baş vermişdi. Bu kimi hadisələr məktəb mühitində baş verən problemlərin təsadüfi olmadığını göstərir.

Son dövrlər ard-arda yaşanan belə hadisələr məktəblərdə nizam-intizam, şagird davranışı və ümumi psixoloji mühitlə bağlı sualları yenidən aktuallaşdırır.

Bəs son dövrlər məktəblərdə xoşagəlməz hadisələr niyə artıb?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib ki, məktəblərdə baş verən bu ağır hadisələr təkcə təhsil ocaqlarının deyil, bütövlükdə cəmiyyətin mənəvi-psixoloji mənzərəsini əks etdirən ağrılı bir güzgüdür:

"Bu hadisələrin ard-arda təkrarlanması problemin fərdi deyil, sistemli və köklü səbəblərdən qaynaqlandığını göstərir. Təlim və tərbiyə bir-birindən ayrılmaz vəhdətdir. Son illərdə məktəb yalnız bilik ötürən müəssisə funksiyasına keçid edib, ailə isə tərbiyə məsuliyyətini tamamilə məktəbin üzərinə yıxıb.

Valideyn övladının daxili dünyası, keçirdiyi emosional böhranlar və dost çevrəsi ilə maraqlanmaq əvəzinə, yalnız onun qiymətləri ilə kifayətlənəndə belə boşluqlar yaranır. Digər tərəfdən, məktəblərdəki psixoloji xidmət çox zaman sadəcə formal xarakter daşıyır.

Şagirdlərin aqressiyasını, həmyaşıd təzyiqi dediyimiz bulinq (eyni yaş qrupundakı bir şəxsin başqalarına qarşı fiziki və ya şifahi hücumları kimi müəyyən edilir) hallarını və gizli depressiyaları öncədən müəyyən edəcək peşəkar diaqnostika mexanizmi zəifdir. Bakının 286 nömrəli məktəbində və ya digər ocaqlarda baş verənlər uzun müddət yığılan gərginliyin partlayışıdır".

Onun sözlərinə görə, burada ən ağrılı məqamlardan biri odur ki, Elm və Təhsil Nazirliyi müəllim nüfuzunu qorumaq əvəzinə, sanki bu nüfuzu zədələyən bir quruma çevrilib:

"Nazirlikdə qeyri-peşəkar kadrların qərarları, müəllimin üzərinə qoyulan ağır bürokratik yüklər və ona göstərilən "xidmətçi" münasibəti təhsilin onurğa sütununu sarsıdıb. Müəllimin şagird qarşısında mənəvi statusu zəiflədildiyi üçün təhsil mühitində idarəetmə itirilir.

Sosial media və bəzi televiziya məkanlarında nüfuz anlayışının dəyişməsi də vəziyyəti çətinləşdirir. Bu gün zorakılıqla özünü təsdiq etmək bəzən qəhrəmanlıq kimi təqdim olunur.

Şagirdlər üçün müəllim və ya kitab oxuyan obrazı deyil, problemi güc yolu ilə həll edən obrazlar ideallaşdırılır. “İdrak” liseyindəki kimi müəllimə əl qaldıracaq qədər cəsarətlənən şagird, əslində mənəvi dəyərlərin aşınmasının nəticəsidir".

Ekspert qeyd edib ki, məktəbə kəsici-deşici alətin keçirilməsi texniki nəzarətin yetərsizliyini göstərsə də, ən böyük silah şagirdin beynindəki aqressiyadır:

"Əgər bir şagird öz doğma mühitində cinayətə meyillənirsə, deməli, o, mənəvi baxımdan özünü tənha hiss edir. Biz harada səhv edirik sualına cavab axtararkən müəllim nüfuzunun sistemli şəkildə zədələnməsini, emosional intellektə laqeydliyi və intizam qaydalarının bəzən həddindən artıq liberallaşmasını görməliyik. 

Uşaqlara düsturları öyrədirik, amma hisslərini necə idarə etməyi və empatiyanı öyrətmirik. Bu hadisələr bir “SOS” siqnalıdır, çünki məktəb təkcə divarlar və partalardan ibarət deyil, o, gələcəyin mənəviyyatını inşa edən bir emalatxanadır. Əgər o emalatxanada sevgi, hörmət və ciddi nəzarət yoxdursa, orada ancaq belə acı hadisələr yetişəcək".

Gülər Həsənli 

"Cebheinfo.az"

Açar sözlər:

məktəblər Şəmsi Qoca

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
1
cebheinfo.az

2Mənbələr