AZ

Şotlandiyada təhsil alan azərbaycanlı tələbə: Hədəfim akademik karyera qurmaqdır - MÜSAHİBƏ

London, 21 aprel, AZƏRTAC

Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələrin təcrübəsi və nailiyyətləri xüsusi maraq doğurur. AZƏRTAC-ın budəfəki müsahibi Edinburq Universitetində dövlət təqaüdü ilə təhsil alan Firuzə Adilovadır. Riyazi iqtisadiyyat və ekonometrika ixtisası üzrə magistratura təhsili alan gənc həmvətənimizlə söhbətdə onun akademik yolu, seçdiyi sahəyə marağı, tələbə həyatı və gələcək hədəfləri barədə ətraflı danışdıq.

-Riyazi iqtisadiyyat və ekonometrika sahəsini seçməyinizə nə səbəb oldu?

-Magistr dərəcəsi üçün bu proqramı seçməyimin səbəbi müasir tətbiqi iqtisadiyyatda istifadə olunan kəmiyyət metodlarına olan maraqdır. Bakalavr illərindən bəri nəzəri iqtisadiyyatla xüsusilə maraqlanırdım və tədqiqat və müəllimlik fəaliyyəti göstərərək akademik sahədə uzunmüddətli karyera qurmaq istəyirdim. İnanıram ki, bu proqram mənim üçün gələcək iqtisadçı karyeramda mühüm bir rol oynayacaq.

-Niyə məhz Edinburq Universitetini seçdiniz?

-Universitet seçiminə mən çox diqqətlə yanaşırdım və bu universiteti seçməyimin bir neçə səbəbi var idi. Edinburq Universiteti iqtisadiyyat sahəsində güclü akademik nüfuza və tədrisdə tədqiqatyönümlü yanaşmaya malik olduğunu bilirdim. Bundan əlavə, universitet çox gözəl və tarixi bir şəhərdə yerləşir. Edinburqda tələbələrin rahat və təhlükəsiz yaşaması və təhsil alması üçün bütün lazımi şərait yaradılıb.

-Bu ixtisas çərçivəsində hansı əsas bilik və bacarıqları əldə edirsiniz?

-Proqram yüksək akademik və nəzəri olduğu səbəbindən makroiqtisadiyyat, mikroiqtisadiyyat və ekonometrika kimi əsas iqtisadi fənlər üzrə dərin biliklər əldə edirəm. Bundan əlavə, bu semestrdə maşın öyrənməsi və məlumatların təhlili, eləcə də iqtisadi siyasət fənlərini keçirəm. Bacarıqlar baxımından inanıram ki, bu proqram məni stresə daha davamlı edir, vaxtımı necə səmərəli idarə etməyi öyrətdir və tədqiqata olan akademik yanaşmamı inkişaf etdirir.

-Ekonometrika və riyazi modelləşdirmənin real həyatda tətbiqləri barədə nə deyə bilərsiniz?

-Ekonometrika və riyazi modelləşdirmə real həyatda qərar qəbuletmədə mühüm rol oynayır. Bu alətlər bizə iqtisadi tendensiyaları təhlil etməyə, proqnozlar verməyə və səbəbiyyəti qiymətləndirməyə imkan verir. Bundan əlavə, bəzi hallarda riyazi modelləşdirmə və ekonometrika təkcə iqtisadi siyasət və maliyyə bazarı məsələlərinin təhlilində deyil, həm də müxtəlif cəmiyyətlərin sosial, mədəni və tarixi xüsusiyyətlərinin insan davranışına təsirinin təhlilində faydalı ola bilər.

-Edinburqda tələbə həyatı sizin üçün necə keçir?

- Olduqca gərgin və dinamikdir. Bir tərəfdən, dərslər çox vaxt və enerji tələb edir, çünki proqram çətin və akademik cəhətdən tələbkardır. Digər tərəfdən, şəhərdə bir çox mədəni tədbirlər keçirilir və tələbələr üçün sosiallaşmaq imkanları yaradılır. Dostlarımla vaxtaşırı əlaqə saxlamağa, və dərs və asudə vaxtını balans etməyə çalışıram.

-Şotlandiyada təhsil almağın əsas üstünlükləri və çətinlikləri nələrdir?

- Əsas üstünlüklərdən biri yüksəkkeyfiyyətli akademik mühit və təhsil sistemidir. Eyni zamanda, burada inanılmaz təbiət və mənzərələr var. Bundan əlavə, yerlilər çox mehriban və qonaqpərvərdirlər, bu isə yeni mühitə uyğunlaşmağa çalışan beynəlxalq tələbələr üçün çox vacib məqamdır. Çətinliklərə gəldikdə isə düşünürəm ki, bu, iqlimdir. Böyük Britaniyanın bütün zonalarında kimi, Şotlandiyada da tez-tez dəyişkən və yağışlı hava şəraiti olur. Bu da bəzən gündəlik həyatı çətinləşdirə bilər.

-Gələcəkdə bu sahədə hansı istiqamətdə inkişaf etməyi planlaşdırırsınız?

- Doktorantura təhsili almağı və karyeramı akademik sahədə davam etdirməyi planlaşdırıram. İnkişaf edən ölkələrdə bərabərsizlik və institusional inkişaf mövzuları ilə çox maraqlanıram və hazırda tədqiqatımı bu istiqamətə yönəltməyi planlaşdırıram.

-Bu sahədə təhsil almaq istəyən gənclərə hansı məsləhətləri verərdiniz?

-İqtisadiyyat üzrə magistr dərəcəsi almaq istəyənlərə, ilk növbədə, bakalavr təhsillərindən başlayaraq riyaziyyata diqqət yetirməyi məsləhət görərdim. İqtisadiyyat sistemli riyazi düşüncə, səbr və müntəzəm təcrübə tələb edir. Həmçinin özünüzü nəzəriyyə ilə məhdudlaşdırmamaq, biliklərinizi real dünya iqtisadi problemlərinə tətbiq etməyə çalışmaq vacibdir. Proqramlaşdırma bacarıqlarını inkişaf etdirmək və statistik paketləri öyrənmək əhəmiyyətli bir üstünlük olacaq. Ən əsası, maraq və əzmkarlığı qoruyub saxlamağı məsləhət görərdim.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Seçilən
11
1
azertag.az

2Mənbələr