AZ

Parisin anti-Azərbaycan siyasəti FAŞ oldu – Bakıya qarşı MƏKRLİ plan

Avropa İttifaqı tərəfindən Ermənistana “hibrid təhdidlərə qarşı mübarizə” adı altında “sürətli reaksiya qrupu” göndərilməsi qərarı heç şübhəsiz ki, regionda gedən proseslərə qərəzli yanaşmanın növbəti bariz nümunəsidir. Ermənistan hakimiyyəti “hibrid hücumlar” anlayışını əsasən daxili siyasi proseslərə xarici müdaxilə kimi təqdim etməyə çalışsa da, real vəziyyət göstərir ki, bu anlayış daha genişdir və əslində, regionda süni gərginlik yaratmaq, artıq həllini tapmış məsələləri yenidən gündəmə gətirmək cəhdlərini əhatə edir.

Burada ən çox diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, Qərbdə fəaliyyət göstərən erməni lobbisi, eləcə də Belçika və Niderland kimi ölkələrdə bəzi deputatlar, o cümlədən Avropa Parlamenti daxilində müəyyən dairələr aktiv rol oynayır. Lakin bütün bu proseslərin koordinasiyasında aparıcı qüvvə kimi Fransa çıxış edir. Parisin regiondakı proseslərə birtərəfli müdaxiləsi, açıq şəkildə bir tərəfi dəstəkləyən siyasi ritorikası və təşəbbüsləri nəinki obyektiv vasitəçilik prinsipinə ziddir, eyni zamanda, sülh gündəliyinə ciddi zərbə vurur.

Avropa
Bu cür yanaşmalar regionda sabitliyin möhkəmləndirilməsinə deyil, əksinə, yenidən qarşıdurma mühiti formalaşdırmağa xidmət edir. Qarabağ məsələsinin artıq tarixə qovuşduğu bir şəraitdə onun süni şəkildə yenidən qabardılması cəhdləri açıq-aşkar siyasi manipulyasiya və geosiyasi maraqların təzahürüdür. Belə addımlar sülh prosesini ləngidir, tərəflər arasında etimadı sarsıdır və Cənubi Qafqazda uzunmüddətli sabitlik perspektivlərinə ciddi təhlükə yaradır.

Deputat Naqif Həmzəyev Musavat.com-a bildirib ki, bu prosesdə müxtəlif aktorların rolunu aydın şəkildə ayırd etmək mümkündür: “Qərbdə fəaliyyət göstərən erməni lobbisi, Belçika və Niderland parlamentlərindəki müəyyən fraksiyalar, eləcə də Avropa Parlamentinin bəzi dairələri aktiv lobbi fəaliyyəti aparır. Lakin bütün bu çoxvektorlu fəaliyyətin koordinasiyasında əsas aparıcı qüvvə mövqeyini Fransa tutur. Parisin Cənubi Qafqaza münasibətdə seçdiyi yol nəinki çoxsəsli diplomatiya prinsiplərinə, həm də AB-nin elan etdiyi "konstruktiv neytral vasitəçi" imicinə ziddir. Fransa Ermənistanı açıq şəkildə dəstəkləyən siyasi ritorikası, silah transferləri və diplomatik inisiyativləri ilə regionda tarazlıq qoruyucu funksiyasını deyil, bir tərəfin müttəfiqi funksiyasını yerinə yetirir. 2020-ci ilin müharibəsindən sonra imzalanan üçtərəfli bəyanat və ardınca davam edən sülh danışıqları prosesi Azərbaycan-Ermənistan münasibətlərinin normalaşması istiqamətində ciddi potensial yaradıb. Bu potensialın reallaşması üçün xarici güclərın konstruktiv, müdaxiləçi deyil, dəstəkləyici rol oynaması vacibdir”.

Naqif

Parlament təmsilçisi vurğulayıb ki, sülhün bərqərar olduğu bir coğrafiyada yenidən gərginlik mühiti formalaşdırmağa xidmət edən addımlar sadəcə, tərəfdarlıq deyil, daha dərin geosiyasi maraqların ifadəsidir: “Bir sıra Avropa dövlətlərinin Cənubi Qafqazda nüfuz qazanma cəhdi, Rusiyanın regiondakı mövqeyinin zəifləməsindən yararlanmaq istəyi və enerji marşrutları üzərindəki rəqabət bu çoxqatlı mənzərəni formalaşdırır. Birmənalı olan odur ki, "hibrid mübarizə" pərdəsi altında aparılan fəaliyyət regiondakı sabitliyin möhkəmləndirilməsinə kömək etmir. Əksinə, Azərbaycanla Ermənistan arasında yavaş-yavaş formalaşan etimad mühitini sarsıdır, sülh sənədinin imzalanması üçün yaradılan siyasi şərtləri çətinləşdirir və geniş ictimaiyyətin normallaşma prosesini dəstəkləyən hissəsini mövqeyindən geri çəkir. Tarixə qovuşan bir məsələ yenidən dirildilməyə çalışılır. Qarabağ məsələsi Azərbaycanın öz ərazilərini bərpa etməsi ilə hüquqi-siyasi baxımdan həll olunub. Bu, beynəlxalq hüququn tanıdığı suveren çərçivə daxilindəki bir faktdır. Lakin bu faktın müəyyən dairələr tərəfindən qəbul edilməməsi, onun süni şəkildə "açıq məsələ" kimi saxlanılması cəhdi ciddi siyasi manipulyasiyanın göstəricisidir”.

 

N.Həmzəyev qeyd edib ki, belə bir kontekstdə AB-nin "sürətli reaksiya qrupu" təşəbbüsünü sırf texniki bir təhlükəsizlik mexanizmi kimi dəyərləndirmək mümkün deyil: “Bu addım daha geniş bir strategiyanın taktiki ifadəsidir: regionda mövcudluğu institutsionallaşdırmaq, Ermənistanı AB orbitinə çəkmək və Azərbaycanın tutduğu güclü mövqeyi beynəlxalq platformalarda balanslaşdırmaq”.

Parlamentari Cənubi Qafqazda davamlı sülhün qurulmasının mümkünlüyünə də toxundu: “Bunun üçün xarici aktyorların həqiqi vasitəçi mövqeyindən çıxış etməsi, tərəflərin suveren bərabərliyinə hörmət etməsi və regionu qlobal rəqabətin "oyun sahəsi"nə çevirməkdən çəkinməsi lazımdır. Seçici dəstək, birtərəfli silahlanma, lobbizm fəaliyyəti və "hibrid mübarizə" pərdəsi altında həyata keçirilən müdaxilələr bu məqsədə xidmət etmir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş, regionda yeni reallıqlar yaradıb. Bu yeni reallığı qəbul etmək, onun üzərindən atlamağa çalışmaq yox, əsasında konstruktiv işbirliyi qurmaq həm Avropanın, həm də bütün regional aktyorların mənafeyinə daha çox uyğundur”.

Cavanşir ABBASLI
Musavat.com

Seçilən
54
50
musavat.com

10Mənbələr